“Növbəti savaş Ermənistanı yerlə-yeksan edəcək...”
10.07.2016 18:39 Siyasi reaksiya 967
Rusiya hazırda Dağlıq Qarabağ probleminin həll variantlarını hazırlayır. Bu isə Lavrovun Dağlıq Qarabağla bağlı yol xəritəsi adlandırılan və Rusiya hökumətinin məsələnin həllinə dair ilkin təkliflər variantıdır. Sözsüz ki, qarışılıqlı razılaşmadan sonra sənəd halına düşəcək.
Bu sözlər politoloq Qabil Hüseynlinin Axar.az-a verdiyi açıqlamada yer alır. Sabiq dövlət müşaviri Lavrov planında Azərbaycanı narahat edən ciddi məqamların olduğunu deyib:
“Ən mühüm məqam Dağlıq Qarabağın statusu məsələsidir. Üstəlik, ermənilər Vardenisdən Ağdərəyə çəkilən 2-ci yolun Laçın koridoru kimi statusa malik olmasını həmin plana daxil etdirə biliblər. Çox qəribədir ki, Rusiya da Kəlbəcəri ikiyə bölən belə bir yola etiraz etmir. Ermənistan açıq surətdə Laçın və Kəlbəcər məsələsini ayrıca bir müzakirə mövzusu kimi dilə gətirir. Bu, sırf danışıqlar prosesini əngəlləmək məqsədi daşıyır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz həll variantını irəli sürür və Dağlıq Qarabağa xüsusi status verilə bilməz. İkinci yol məsələsi isə Kəlbəcərin qızıl, Ağdərənin kömür ehtiyatlarının mənimsənilməsinə hesablanıb”.
Politoloq hazırda Qarabağ məsələsi ətrafında gedən qızğın müzakirələrdə super dövlətlərin məsələnin sülh yolu ilə həllinə dair təkliflərinə də münasibət bildirib:
“İşğal edilmiş torpaqlar boşaldılmasa, aqressiv separatizmin kökü kəsilməsə, bölgədə sülh olmayacaq. Ermənilərin Böyük Ermənistan planının sonu yoxdur. Növbəti danışıqlarda hər cür sürprizlər mümkündür”.
Q.Hüseynli qarşıdakı danışıqlar prosesinin gərgin keçəcəyini bildirib:
“Növbəti müharibə dağıdıcı olacaq və Ermənistanı yerlə-yeksan edəcək. Ona görə də Rusiyanın tutduğu mövqedən çox şey asılıdır. Türkiyə bu mərhələdə Dağlıq Qarabağ üçün nə lazımdırsa, edəcək. Ancaq Ankaranın Moskva ilə konfrantasiyaya gedəcəyini təxmin etmirəm. Kreml də bunu çox yaxşı başa düşür. Hazırda Qarabağın azad edilməməsinin yeganə səbəbi Rusiya sülhyaratma variantında hələ ki, beynəlxalq hüquq normalarının öz əksini tapmamasıdır”.
Qeyd edək ki, sentyabrın 29-da Bakıda keçiriləcək V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü istisna edilmir.
Bundan öncə isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iyulun 11-12-sinə Bakıya səfəri planlaşdırılır.
Şərhlər