Erməni deputat ATƏT-in Tiflis bəyannaməsini niyə dəstəkləmədiklərini açıqladı

11.07.2016 15:36     Siyasi reaksiya     961

Heç demə, Dağlıq Qarabağ üçün presedent yarana bilərmiş Erməni deputat Mikael Melkumyan ATƏT-in Parlament Assambleyasının Tiflisdə keçriilən 25-ci sessiyasında qəbul edilən yekun bəyannamə ilə bağlı Ermənistan nümayəndə heyətinin tutduğu mövqe barədə danışıb.

Xatırladaq ki, Ermənistan nümayəndə həyeti Tiflis bəyannaməsini imzalamaqdan imtina edərək, Rusiya nümayəndə heyətinə dəstək vermişdi.
 
Musavat.com Aravot.am saytına istinadən bildirir ki, Mikael Melkumyan bununla bağlı mətbuata açıqlamasında bunları bildirib:
 
“Mən və Stepan Dəmirçiyan səssvermədə ona görə iştirak etmədik ki, bu sənəddə “Dağlıq Qarabağ Respublikası” (qondarma-red.) ilə bağlı konkret heç nə yox idi. Bəyannamə əsasən Krım, Osetiya, Abxaziya və Ukrayna-Rusiya münasibətləri ilə əlaqədar idi ki, burada Dağlıq Qarabağla bağlı bizim üçün əlverişli şərtlərin olmadığını gördük. Bu bəyannamə bizim üçün zərərli presedent yarada bilərdi”.
 
Lakin erməni siyasi ekspertlərinin fikrincə, bəyannamədə Ermənistanın xeyrinə sayıla biləcək bəndlər də olub. Ermənilər sənəddə “ATƏT məkanında uzanan münaqişələrin siyasi həllinə yönəlik danışıqlar mexanizmlərinin və formalarının müəyyən edilməsi üçün ATƏT sədarətinin aktiv iştirak etməsi”, habelə “Qarabağ münaqişəsində hərbi fəaliyyət riskinin aşağı salınması və ATƏT-in Minsk qrupu çərçivəsində hərtərəfli nizamlanmanın əldə olunması məqsədilə etibarlılıq vasitələrinin möhkəmləndirilməsi işində tərəflərə siyasi iradə nümayiş etdirməyə çağırması” ilə bağlı müddəaların Ermənistana sərf etdiyini bildirirlər.
 
Ermənistan nümayəndə heyəti isə bu sənədə qarşı çıxıblar. Bəzi erməni analitikləri Ermənistanın bu qərarla bir daha öz maraqlarını kənara buraxıb Rusiyanın tərəfini tutduqlarını qeyd edirlər.
 
Qeyd edək ki, Rusiya Federasiyasının təmsilçi deputatları bəyannamədə Rusiyanı Cənubi Osetiya, Abxaziyanı tanımaqdan çəkinməyə, habelə Krımın Rusiyaya birləşdirilməsi prosesini dayandırmağa çağıran, o cümlədən Rusiyanın adları çəkilən bölgələrdə fəaliyyətini sərt şəkildə tənqid edən müddəaların yer almasına etiraz edərək müzakirələrdə iştirak etməkdən boyun qaçırmışdılar.
 
Rusiyaya Ermənistanın hakim “Respublika” partiyasından olan deputatları, Artaşes Geqamyan, Stepan Dəmirçiyan və Mikael Melkumyan dəstək verərək səsvermədə iştirak etməyiblər.
 
Mikael Melkumyan erməni mətbuatına açıqlamasında bildirib ki, onların sessiyada siyasi, iqtisadi, insan hüquqları komitələrində təklif etdiyi müddəalar keçib:
 
“Məsələn, mən 4 düzəliş təklif etdim, hamısı da keçdi... qəribədir ki, bizim düzəlişlərin keçməsi xəbəri heç bu qədər siyasiləşdirilmədi”. 
 
“Lakin yekun sənəd Dağlıq Qarabağla bağlı bizim üçün əlverişsiz prsedent doğuracağı üçün səsvermədə iştirak etmədik” deyə o bildirib. 

Şərhlər

Çox oxunanlar