AXCP “Vahid Qərar Şurası”nın müzakirəsini keçirib

15.07.2016 18:07     Siyasi reaksiya     1172

“Azərbaycanın ən ağır problemli Dağlıq Qarabağ münaqişəsidir”

Cebhe.info xəbər verir ki, bunu AXCP-nin təklif etdiyi “Vahid Qərar Şurası”nın bu gün BMM-də keçirilən ictimai müzakirəsində AXCP sədri Razi Nurullayev deyib. Şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin 1 dəqiqəqlik sükutla yad olunduğu tədbirdə çıxış edən R.Nurullayev qeyd edib ki, bütün siyasi partiyaların ən ümdə vəzifəsi xeyirli iş görmək, torpaqların geri qaytarılmasına töhfə verməkdir: “Bu günədək Minsk Qrupu və digər dövlətlər müəyyən təkliflər irəli sürülüb. Amma bu təkliflər heç vaxt yerli kontekst nəzərə alınmayıb.

Bunlar Azərbaycan üçün keçərli və maraqlı deyil. Son zamanlarda Dağlıq Qarabağla bağlı danışıqlar proseslərində irəliləyiş, müsbət çalarlar da var. Rusiya bu proseslərdə daha səmimi görünür. Rusiya bir neçə rayonun Azərbaycana qaytarılmasında maraqlıdır”.

AXCP sədrinin sözlərinə görə, məsələ ilə bağlı “Vahid Qərar Şurası” təklifi meydana çıxıb:

“VQŞ-ın qayəsində duran əsas məsələ xalqla hakimiyyət arasında birliyini təmin etməkdir. Azərbaycan torpaqlarını azad edə bilər, amma buna imkan vermirlər. Bu gün Sarkisyan ürəyində qorxu var ki, güzəştə getsə, hakimiyyətdən endirəcəklər. Biz istəyərdik ki, “Vahid Qərar Şurası” yaradılsın. Çalışacağıq ki, Minsk Qrupu vasitəsilə bunabənzər qurum Ermənistanda da yaradılsın. Ziyalıların, cəmiyyətin tanınmış və nüfuzlu şəxslərinin “Vahid Qərar Şurası”nda iştirakını istəyirik. Azərbaycan Biz VQŞ-nı elan etmişik və artıq Məşvərət Məclisi də yaradılacaq. Azərbaycan prezidentinin də bu məclisdə iştirakı vacibdir. Əgər prezident bu məclisdə iştirak edəcəksə, bu, müsbət nəticə verəcək. Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətini Vahid Qərar Şurası ilə bölüşə bilər. Bu halda ona olan təzyiqlər də azalacaq. Artıq bununla bağlı müraciət göndərmişik. Prezidentlə yanaşı digər dövlət strukturlarına da müraciət edilib. “Vahid Qərar Şurası”nın tərkibi genişləndikcə, bu, təkcə AXCP-nin yox, bütün siyasi qurumların birliyi olacaq. Ümid edirik ki, Azərbaycan hökuməti də buraya öz nümayəndəsini təyin etsik. Hesab edirəm ki, hakimiyyət də Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və buna görə, müraciətə müsbət cavab verəcəyinə ümid edirik”. Tədbirdə cəbhə xəttində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsi 1 dəqiqəqlik sükutla yad olunub.

***

“Ziyalılar, ictimai-siyasi fəallar Vahid Qərar Şurasını dəstəkləyirlər”.

Bunu AXCP-nin təklifi ilə yaradılacaq “Vahid Qərar Şurası”nın ictimai müzakirəsində partiya sədrinin müavini Cavid Musazadə deyib.

“Cəmiyyət tərəfindən VQŞ-a dəstək var. “Vahid Qərar Şurası”nı biz ilkin olaraq layihə kimi ortaya qoymuşuq. Kimlərsə müəyyən təkliflər verə bilərlər və bunu nəzərə alacağıq. Proseslərin gedişində VQŞ quruma da çevrilə bilər”, - deyə C.Musazadə qeyd edib.

***

“Vahid Qərar Şurası gecikmiş qərardır”.

Bunu Daxili Qoşunların ehtiyatda olan zabiti Arif Qafarov bildirib. “Bu layihə daha əvvəllər ortaya atılmalıydı. Amma indi irəli sürülüb və böyük mahiyyəti var. AXCP-ə təşəkkür edirəm ki, öz dövlət mənafeyini öz mənafeyindən üstün tutub belə bir təklif verib. Bu, olduqca vacib Şuradır. Bu nəinki işğalda olan torpaqlarımız qaytarılana qədər, bundan sonra da icra olunarsa Azərbaycanın suverenliyinə böyük töhfə olardı”, - deyə A.Qafarov vurğulayıb.

***

“25 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayıb”.

AXCP-nin “Vahid Qərar Şurası” ilə bağlı keçirdiyi ictimai müzakirələrin iştirakçısı, Qərbi Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıbov bu fikirdədir. R.Talıbov qeyd edib ki, beynəlxalq ictimaiyyətin işğalçı və işğala məruz qalan tərəf arasında ayrı-seçkilik etməsi münaqişəsinin həllini ləngidir:

“Ermənistan qüdrətli dövlət deyil ki, dəstəklənsin. Lakin Minsk Qrupu, Rusiya və digər dövlətlər Ermənistana dəstəkləməklə münaqişənin həllini ləngidirlər. Belə bir məqamda AXCP-nin “Vahid Qərar Şurası” yerində verilən təklif kimi önə çıxır. Münaqişənin həllini və Azərbaycan cəmiyyətinin bu yöndə aktivliyini artırmaq üçün bu kimi təkliflərə ehtiyac var. Təəssüflə qeyd etməliyik ki, bu yöndə ermənilər bizdən daha fəaldırlar. Buna görə də Azərbaycan cəmiyyətinin də münaqişənin həll prosesində aktivliyini artırmağa ehtiyac var”.

Çıxışçı bildirib ki, Azərbaycan və Ermənistan xalqları tarixi boyu bor yerdə yaşayıblar, ancaq Azərbaycan güzəştə getməməlidir:

“Bizim güzəştə gedəcək heç nəyimiz qalmayıb. Güzəştsiz münaqişəsinin dinc yolla həlli yoxdur. Əgər Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəyən dövlətlər varsa, Qərbi Azərbaycan məsələsi gündəmə gətirilməlidir. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da ora qayıtsınlar və onlara da status verilsin. Ümid edirik ki, bu, “Vahid Qərar Şurası” tərəfindən nəzərə alınacaq”.

***

““Vahid Qərar Şurası”nın yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün olduqca vacib bir təklifdir”.

Tədbirdə çıxış edən Ümid Partiyasının funksioneri Taleh Əliyev belə deyib.

““Vahid Qərar Şurası Azərbaycan üçün ilk olan yanaşmadır. Bu günədək siyasi partiyalar sanki daxili siyasi qələbə üçün çalışırdılar. Amma “Vahid Qərar Şurası” siyasi partiyalar tarixində yeni bir hadisədir. Digər siyasi partiyalar da buna dəstək olmalıdırlar. Mütəmadi olaraq VQŞ haqqında mediaya məlumat verilməli, məsələ həmişə gündəmdə saxlanılmalıdır. VQŞ-ın strukturu ilə tanış olmaq və müzakirə etmək lazımdır. Əgər bu layihə uğurla həyata keçiriləcəksə, bu, cəmiyyətin də xeyrinə olacaq və həmişə AXCP-nin adı xatırlanacaq”.

T.Əliyev qeyd edib ki, Minsk Qrupu münaqişənin həllində yox, öz istəklərinin təminində maraqlıdır: “Biz vasitəçilərə ümid etməməliyik. Bu gün Ermənistan – Azərbaycan düşmənçiliyi regiona girmək istəyən dövlətlərə əlavə şans verir. İki dövlət arasında münasibətlərin qaydasına salınmasının başqa yolları axtarılmalıdır”.

***

“Biz Ermənistanla informasiya müharibəsini udmalıyıq, bu yöndə görülən tədbirlər gücləndirilməlidir”.

“İrəvan – 2018” Hərəkatının sədr müavini Oktay Hacımusalı “Vahid Qərar Şurası”nın ictimai müzakirəsində çıxışı zamanı belə deyib.

“Vahid Qərar Şurası da informasiya müharibəsində fəaliyyətini sistemləşdirməlidir. Biz düzgün informasiya müharibəsi aparmaqla dünyaya lazım olan mesajı çatdıra bilərik. Bununla Ermənistanın işğalçı tərəf olmasını da dünyaya sübut edə bilərik. Artıq hücuma keçməyin vaxtıdır, geri çəkilmək lazım deyil. Çünki illərdir ki, dünya gözlərinə pərdə asıb, reallıqları görmür. Bu baxımdan “Vahid Qərar Şurası”nın Məşvərət Məclisi formalaşdırılmalıdır. Ən azından həftədə bir dəfə toplanıb taleyüklü məsələləri də müzakirə edə bilərik. “İrəvan 2018” Hərəkatı VQŞ-a dəstək verməyə hazırdır. Çünki Dağlıq Qarabağ bizim ortaq marağımızdır”.

***

Zaman-zaman Qarabağ adından bəzi siyasi qurumlar hakimiyyətə gəlmək üçün istifadə edirlər”.

Bu fikirdə olan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, AXCP-nin “Vahid Qərar Şurası” ideyası təqdir olunmalıdır: “Çünki siyasi partiyaların məqsədləri sırf hakimiyyətə gəlmək olmamalıdır, dövlətin maraqlarının müdafiəsi də nəzərə alınmalıdır. Buna görə də AXCP-nin “Vahid Qərar Şurası” çox vacib və təqdirəlayiq təklifdir. Hesab edirəm ki, bu proses o vaxt effektiv olacaq ki, burada dövlət qurumları ilə yanaşı digər ictimai-siyasi qurumlar da təmsil olunacaqlar”.

***

KXCP sədrinin müavini Aydın Mədətoğlu da çıxışında AXCP-nin “Vahid Qərar Şurası” təklifini dəstəklədiyini bildirib:

“Yerinə düşən təklifdir. Dünya bizi yaxşı tanıyır, bütün dövlətlər bizi yaxşı izləyir. Hamı işğalçını da yaxşı bilir. Qarabağ probleminin baş memarı Rusiya və digər dövlərlər də proseslərin hansı formada cərəyan etdiyini bilirlər. Sadəcə burada xristian təəssübkeşliyi özünü göstərir. Bu baxımdan Qarabağ düyünün açılması o qədər də asan məsələ deyil. Buna görə də indiyədək məsələnin konkret həlli mümkün olmayıb. Qarabağla bağlı bütün sözlər deyilib. Sadəcə olaraq bu deyilənlərin 1faizi də həyata keçməyib. Bu baxından Vahid Qərar Şurasının Qarabağ münaqişəsinin həllinə təkan verəcəyinə ümid edirəm. Hər kəs öz dəstəyini verməlidir, çünki Qarabağ məsələsinin iqtidarı, müxalifəti olmamalıdır. Biz öz yaxamızı kənara çəkməməliyik. Ümid edirəm ki, VQŞ-ın təklifləri həyata keçəcək”.

***

Hüquq müdafiəçisi, "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbayan ordusunun aprel əməliyyatları dünyaya Qarabağ münaqişəsini bir daha xatırladıb:

“Aprelədək heç kəsi bu məsələ maraqlandırmırdı. Amma bundan sonra hadisələr maraqlı inkişaf etməyə başladı. Bu nöqteyi-nəzərdən “Vahid Qərar Şurası” öz zamanında irəli sürülən təklif kimi dəyərləndirilməlidir. Bu, gecikmiş təklif deyil. İnanırıq ki, “Vahid Qərar Şurası” münaqişənin həll prosesinə öz töhfələrini verəcək”.

***

Müzakirələrə qatılan ziyalı Məhərrəm Şəmkirli bildirib ki, Qarabağda ermənilərə veriləcək status Qərbi Azərbaycandan olan soydaşlarımıza da verilməlidir:

“Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız öz tarixi vətənlərinə qaytarılsınlar və onlara orada status verilsin. Ümid edirəm ki, “Vahid Qərar Şurası” bunu dilə gətirəcək. Bu baxımdan “Vahid Qərar Şurası” Azərbaycanın suverenliyi üçün önəmli rola sahib olacaq”.

***

Jurnalist Nicat Dağlar xatırladıb ki, uzun illərdir Dağlıq Qarabağla bağlı eyni sözlər təkrarlanır:

“Daha danışmaq yox, hərəkətə keçmək lazımdır. Hamı işğalçını da tanıyır, işğala məruz qalanı da. Aprel hadisələri göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarımızı azad etməyə qadirdir. Biz apreldə kimin kim olduğunu, hansı dövlətin kimi dəstəklədiyini də gördük. Biz münaqişənin həlli üçün regionda gedən prosesləri düzgün qiymətləndirməliyik. Bu gün Qarabağ münaqişəsinin həlli üçün fərqli proqram təqdim edilmir, hamı eyni təkifləri verir. Ümid edirəm ki, “Vahid Qərar Şurası” öz fərqli təklifini verəcək”.

***

Müzakirənin gedişində AXCP sədri Razi Nurullayev bildirib ki, Şuranın yaradılması təklifi Azərbaycan üçün yenilikdir:

““Vahid Qərar Şurasının yaradılması özü yenilik, Qarabağ münaqişəsinin həllinə fərqli baxışdır. Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir, sadəcə məsələ təkliflərin həyata keçirilməsi mexanizmidir. “Vahid Qərar Şurası”nın məqsədi odur ki, hər kəs, bütün siyasi partiyalar bu məsələdə səmimi olsunlar, bir yerdə fəaliyyət göstərsinlər. Məqsədimiz budur ki, prezident də dəstək versin və məsuliyyət bölüşdürülsün”.

R.Nurullayev qeyd edib ki, Rusiya ilk dəfədir ki, münaqişənin həll prosesində səmimidir:

“Rusiya hal-hazırda Sarkisyana təzyiq edir ki, 6-7 rayon ilkin mərhələdə Azərbaycana qaytarılsın. Sarkisyan isə Rusiyadan təminat istəyir ki, torpaqlar geri qaytarıldıqdan sonra hakimiyyətdə qalacaq. Sarkisyan indiki məqamda sadəcə hakimiyyətinin təhlükəyə düşəcəyindən qorxur və buna görə də tərəddüd edir. Azərbaycanın bu məsələdə Ermənistana güzəşti o olmalıdır ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilsin. Hansısa qərar veriləndə, Azərbaycan bundan zərər çəkməməlidir”.

***

"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad Vahid Qərar Şurasını mükəmməl təklif kimi dəyərləndirib:

“Bu dövlətə uğur gətirəcək bir addımdır və hər kəs bu təklifi alqışlamalıdır, bu partiyaya rəqib olanlar da, dostlar da bunu dəyərləndirməlidir. Çünki “Vahid Qərar Şurası” dövlətimiz üçün önəmli olan bir problemin həllini gündəmə gətirir. Uğurlar arzu edirəm, dövlətimiz üçün bu, çox sevidiricidir

***
Çıxışlara münasibət bildərən AXCP sədri Razi Nurullayevin sözlərinə görə, VQŞ-ın fəlsəfəsinin arxasında nə dayandığını görənlər var:

“Bizə inananlar çoxdur. Biz istəyirik ki, Şurada Azərbaycan dövlətinin maraqlarına xidmət edən insanlar təmsil olunsunlar. Növbəti tədbir strukturun müəyyən olunmasına və məramına həsr olunacaq. Bununla bağlı sənəd də qəbul olunacaq. Düşünürəm ki, “Vahid Qərar Şurası” ilə bağlı burada səsləndirilən təkliflər nəzərə alınacaq, həmçinin bütün təkliflərə açığıq. Ümid edək ki, yaxın zamanlarda Dağlıq Qarabağla bağlı müsbət bir xəbər eşidəcəyik və torpaqlarımız azad olunacaq”.

Şərhlər

Çox oxunanlar