“Beynəlxalq İnfiormasiya və Regional Araşdırmalar” İctimai Birliyi mətbuata müraciət edib
18.07.2016 21:14 Siyasi reaksiya 1237
“Beynəlxalq İnfiormasiya və Regional Araşdırmalar” İctimai Birliyi mətbuata müraciət edib. Reaksiya.az müraciəti olduğu kimi təqdim edir: “Əziz dostlar! Son günlər Türkiyədə baş verən hadisələr hər birimizi narahat edir. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi “bir millət, iki dövlət” olan eyni soy və kökdən gələn Türkiyə və Azərbaycan dövlətləri arasında tarixən mövcud olan isti münasibətlər ölkə başçılarımızın səyləri nəticəsində son illərdə daha da intensivləşmişdir. Belə ki, artıq xaricdə keçirilən beynəlxalq tədbirlərdə dövlət başçılarımız, nümayəndə heyətlərimiz birgə hərəkət edir, bir dövlət başçısının olmadığı toplantıda digər ölkənin dövlət başçısı “qardaşım yoxdursa belə, mən burdayam”- deyə hərəkət edərək onun maraqlarını qoruyur və ölkələrimizin dost və qardaş olduğunu hər addımda dilə gətirirlər. Bu günlərdə baş verən hadisələrdə, bir qrup xaricdən dəstək alan, Türkiyə dövlətinin maraqlarını heçə sayan, dövlət içində dövlət qurmağa cəhd göstərən, qardaş ölkənin qanunlarını pozan hərbçi əvvəlcədən əlbir olaraq siyasi sistemi dəyişdirməyə cəhd göstərdilər. Lakin, Türk xalqının inam, iradə və dəyanəti nəticəsində üsyançılar heç nəyə nail ola bilmədilər. Ümid edirik ki, tezliklə Türkiyə Cümhuriyyətinin prezidenti Recep Tayyib Erdoğanın qətiyyəti sayəsində ölkə təkrar öz əvvəlki sabitliyinə qovuşacaq, yenə də eyni yüksələn dinamika ilə regionda kilid dövlət olmaq missiyasını özündə saxlayacaqdır.
Əziz dostlar!
Türkiyənin çətin sınaqdan keçdiyi bu günlərdə biz Azərbaycan mediasının üstünə də ağır bir yük düşür. Ölkəmizin geosiyasi maraqlarını nəzərə alaraq biz qələm sahibləri hazırkı Türkiyənin daha güclü, daha dinamik, daha sabit olmasını istəməli və bu yöndə öz fəaliyyətimizi qurmalıyıq. Türkiyədə baş verən hadisələrlə bağlı materiallar hazırlayarkən diqqətli olmalı, qardaş ölkənin ərazi bütövlüyünü, müstəqilliyini təhdid edən zərərli qüvvələri təqdim edərkən bəzi nüansları nəzərə almalı və ona görə davranmalıyıq. Son günlərdə özəlliklə internet mediasında dərc olunan bəzi informasiyalarda Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe sərgilənməkdə, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparılmaqda, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verilməkdədir. Media orqanlarında çalışan həmkarlarımızdan bu məsələyə həssas yanaşmalarını xahiş edir və tezliklə qardaş ölkədə sülhün, əminamanlığın bərqərar olunmasını arzulayırıq”.
Şərhlər