O, yalnız öz seçildiyi dairə ilə kifayətlənmir... - "Deputatınızı tanıyın!" layihəsi - FOTOLAR

11.07.2015 14:13     Siyasi reaksiya     4610

Qarşıda bizi Milli Məclisin V çağırışına seçkilər gözləyir. Ölkənin 125 seçki dairəsində seçicilər 5 il ərzində millət vəkili adına layiq bildikləri şəxslərə səs verəcəklər. Bu seçkilər ərəfəsində hazırkı deputatlardan kimin 5 ildə nə ilə məşğul olduğu, kimin parlamentlə vidalaşacağı da maraq doğurur. Bəzi dairələrdə seçicilər öz deputatlarını tanımır da, lakin elə deputatlar da var ki, öz seçiciləri ilə daim təmasda olur, parlamentdəki fəaliyyətlərində də aktivlik göstərirlər.

 Reaksiya.Az seçicilərin marağını nəzərə alaraq, “Deputatınızı tanıyın!” layihəsinə başlayır. Bu layihədə fəaliyyəti haqqında oxumaq istədiyiniz və hətta beş illik fəaliyyəti ilə bağlı hesabat gözlədiyiniz deputatların adını bizə [email protected] və ya [email protected] ünvanlarına yaza bilərsiniz. Həmçinin (012) 409-05-49 telefon nömrəsi ilə də əlaqə saxlamağınız, öz təklif və şikayətlərinizi bildirməyiniz mümkündür.

“Deputatınızı tanıyın!” layihəsinin yeni qonağı 85 sayılı  Şamaxı Seçki Dairəsindən seçilən Milli Məclis üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovdur.  Elxan Süleymanovun fəaliyyəti ilə bağlı internetdə araşdırma aparmaq istərkən, ilk qarşımıza onun “elkhan-suleymanov.az” ünvanlı rəsmi səhifəsi çıxdı. Demək olar ki, bu səhifədə Elxan Süleymanovun  fəaliyyəti öz əksini tapıb, 2010-cu il seçkilərindən əvvəl namizəd kimi ayrı-ayrı kəndlərdə keçirdiyi görüşlər də, seçki platforması və tərcümeyi-halı da, deputat olduqdan sonra gördüyü işlər, etdiyi çıxışlar, habelə xarici qurumlardakı (AŞPA, AVRONEST və s) fəaliyyətinə dair xəbərlər də dərc olunub.  Saytda  onlayn əlaqə sistemi də var. Ümumilikdə, bir deputat haqqında ətraflı məlumat almaq üçün yetərincə məlumatlar var, lakin bir məsələ nəzərdən qaçıb. E.Süleymanovun tərcümeyi-halı 21 sentyabr 2010-cu ildə sayta yerləşdirilib (tərcümeyi-halın sonunda da qeyd olunduğu kimi, Elxan Süleymanov deputat seçkilərilə bağlı məzuniyyətə çıxarkən), ondan sonra isə üstünlük əsasən saytda xəbərlərin yerləşdirilməsinə verilib.  Diqqətlə baxanda da görünür ki, saytın istifadəçisi əsasən hazır xəbərlərin yerləşdirməsinə əhəmiyyət verib,  hətta E.Süleymanovun 2011-ci ilin 14 sentyabrında Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” Ordeni ilə təltif etməsini də saytdakı tərcümeyi hala daxil edilməyib. Bundan başqa, saytda parlament fəaliyyəti və ya 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı bir səhifəyə də rast gəlmədik.

Elxan Süleymanovun AVCİYA rəhbəri və AVRONEST-dəki nümayəndəliyimizin sədri olduğunu bilirik, lakin rayonda görülən işlər, seçicilərlə görüşlər, vətəndaşların qəbulu ilə bağlı ayrıca səhifəyə, yaxud kateqoriyaya da ehtiyacın olduğu aydın görünür. Ümumiyyətlə, Azərbaycanda fərdi veb-səhifəsi olan deputatlar barmaqla sayılır, lakin tək-tük nümunə sayılan mövcud saytların da məhz nümunəvi və ziyarətçilər üçün rahat tərtib olunması çox vacibdir.

“Vəkillər” səhifəsi də 2010-cu ilin oktyabr ayında yenilənib və ondan sonra deputatın seçki qərargahı, rayondakı nümayəndələri barədə informasiya verilməyib. Həmçinin “Əlaqə” bölməsində də seçicilərin əlaqə saxlaması üçün telefonlar və ünvan yazılmayıb, halbuki bu da çox önəmli amillərdəndir.

Elxan Süleymanovun adını yeni eşidən adamın saytdan müəyyən informasiya toplaması üçün məlumatlar var, lakin az əvvəl də qeyd etdiyimiz kimi 2010-cu ildən bu yana deputatın fəaliyyəti yalnız xəbərlər paylaşımı ilə verilib, əsas məqamlar vahid materialda toplanmayıb. Düzdür, saytda sağda hesabatlar pəncərəsi var, orda “birinci il”, “ikinci il”, “üçüncü il” və “dördüncü il” adlı hesabatlar var, lakin bunlar saytın kateqoriyalarında da əks olunsaydı, daha yaxşı olardı. 356 səhifəlik hesabatı əvvəlcə “rar”da yükləmək, sonra isə “pdf”lə oxumaq lazım gəlir... Bu isə E.Süleymanovun fəaliyyəti ilə maraqlananlar üçün artıq vaxt itkisidir. İnternetin inkişafı və informasiya bolluğu insanları bir qədər tənbəl edib, razılaşırıq. Lakin biz də öz təqdimatımızda daha əlçatan olmağa çalışmalıyıq.

Bundan başqa, tez-tez “Şamaxının millət vəkili” ifadəsi ilə də üzləşdik. Elxan Süleymanov  85 saylı Şamaxı Seçki Dairəsindən seçilən millət vəkilidir, lakin Azərbaycanın deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin üzvüdür, eyni zamanda Azərbaycanı beynəlxalq assambleya xarakterli təşkilatlarda təmsil edən deputatdır. Təbii ki, hansısa beynəlxalq tədbirdə Elxan Süleymanov  Şamaxının yox, Azərbaycan parlamentinin deputatı kimi yada salınır...

“Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” adlı materialı isə ümumiyyətlə yükləmək mümkün olmadı.

Tənqidlərlə yanaşı, apardığımız araşdırmalar zamanı Elxan Süleymanovun müəllifi və təşəbbbüskarı olduğu bir sıra elektron layihələrlə, saytlarla da qarşılaşdıq.

2013-cü ildə Elxan Süleymanov “Sərsəng” su anbarının üzləşdiyi problemlərlə bağlı layihəyə başlayıb, “Sarsang.org” saytı yaradıb və problemi ictimailəşdirmək üçün “Sərsəng harayı” adlı yazı müsabiqəsi də həyata keçirib. Şamaxıdan seçilən deputat Ağcabədi, Tərtər, Ağdam, Goranboy və Yevlax rayonlarının su təchizatında mühüm olan su anbarına da biganə qalmayıb...

Görünən odur ki, deputat yalnız öz seçildiyi dairə ilə kifayətlənmir, digər rayonlardan olan insanlarla da görüşür, onların problemlərini dinləyir, həllinə çalışır. Qaçqın və məcburi köçkünlərlə olan görüşlər,  müxtəlif elektron nəşr və kitabların dərc olunması, Qarabağın işğalı ilə bağlı faktların tərcümə olunub beynəlxalq təşkilatlara göndərilməsi... Bunlar bir adamın görəcəyi iş deyil - əgər o, bacarıqlı təşkilatçı deyilsə.

Həmçinin sosial şəbəkədə də həmsöhbət olduğumuz bir sıra gənclər Şamaxıda su təchizatı yaxşı olmayan kəndlərə “Sabir” bulaqlarının çəkilməsi, istilik və elektrik problemlərinin aradan qaldırılmasında deputatın xidmətlərini qeyd etdilər.

Məlhəm, Mərzəndiyə, Bağırlı, Göylər, Meysəri, Çarhan və başqa bir neçə kəndə içməli su çəkilməsində E.Süleymanovun rolu olub.

E.Süleymanovun dəstəyi ilə 2012-ci ildən 2015-ci ilin fevralına qədər bir neçə dildə olan "Karabakhinfo.com" beynəlxalq elektron jurnal fəaliyyət göstərib.  Xocalı soyqırımı və Şamaxı Soyqırımının da gündəmə gəlməsində millət vəkili fəal iştirak edir, müxtəlif inşa və məqalə müsabiqələrinin keçirilməsinə dəstək verib.

Beş ildir ki, rayonda Şamaxıda Mirzə Ələkbər adına Bədii Qiraət Müsabiqəsi təşkil olunur, yaxşı oxuyan şagirdlər, yüksək bal toplayan abituriyentlər və təhsildə fərqlənən şamaxılı gənclər şəxsən deputat tərəfindən mükafatlandırılır. Hər yeni dərs ilinin başlaması ərəfəsində deputat şamaxılı gənclərlə görüşür, onların problemləri ilə maraqlanır, həllinə çalışır, tələbələrə öz tövsiyələrini verir.

Eyni zamanda deputatın təşəbbüsü ilə Şamaxı Ensiklopediyasının da yaradıldığını qeyd etmək lazımdır.

Deputat beynəlxalq səfərlərdə çox olur, daim siyasi məsələlərdə Azərbaycanın mövqeyini qoruyur. Lakin öz seçildiyi rayonda da tez-tez seçicilərlə görüşdüyü barədə KİV-də məlumatlara tez-tez rast gəlirik.

Şamaxıda yaşayan seçicilərdən də eşitdiyimiz fakt bizim diqqətimizi çəkdi: deputatın nümayəndələri hər il 8 mart Beynəlxalq Qadınlar Günündə qapı-qapı gəzərək, Şamaxıdakı xanım seçiciləri Elxan Süleymanovun adından təbrik edir, açıqça və hədiyyələr təqdim edirlər. Hər il Ramazan ayında deputatın təşəbüsü ilı Şamaxıda iftar süfrələrinin düzənləndiyi də məlumdur.

Qarabağ Müharibəsi və İkinci Dünya Müharibəsinin veteranlarıyla da tez-tez görüşən deputatın müharibə iştirakçılarına da xüsusi diqqət yetirdiyi həmsöhbət olduğumuz insanlar tərəfindən qeyd olunur. Hətta Şamaxı sakinlərindən aldığımız məlumata görə, deputat imkansız bir Qarabağ əlilinə ev də tikdirib. 

Deputat rayondakı abidələrin və tarixi yerlərin qorunması ilə bağlı da müxtəlif layihələrdə, təşəbbüslərdə görünür, onun rəhbəri olduğu AVCİYA hər il “Beynəlxalq abidələr və tarixi yerlər” günü ilə bağlı tədbirlər keçirir, müxtəlif problemləri gündəmə gətirir.

Elxan Süleymanov “Şamaxı qırmızı terrorun hədəfində”, “ Şamaxı Azərbaycan tarixində” və “Şamaxı Azərbaycan ədəbiyyatında” kimi layihələrlə də yadda qalıb.

Elxan Süleymanov AVRONEST və AŞPA-dakı fəaliyyəti ilə bağlı da xüsusi fəallıq göstərir, Azərbaycan əleyhinə olan çıxışlara qarşı mövqe nümayiş etdirir. 2012-ci ildə Elxan Süleymanovun təşəbbüsü ilə Avropa Parlamenti deputatlarının Şamaxıya səfərinin təşkil olunması, Şamaxı ilə bağlı tarixi faktların onlara çatdırılması barədə məlumatlara da rast gəldik.

Bu yaxında Azərbaycan əleyhinə aparılan kampaniya ilə bağlı, onun AŞPA prezidentinə yazdığı məktub da mətbuatda geniş müzakirə olundu. Avropa siyasilərinin bəzən bilərəkdən və ya bilməyərəkdən nəzərdən qaçırdığı "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” ifadəsini qabardan, dünya mətbuatında da suverenlik və ərazi bütövlüyünü vurğulayan deputat bir sıra ermənipərəst dairələr tərəfindən də daim təzyiq və xüsusi “fobiya” ilə qarşılanır.

Məsələ ondadır ki, Avropada bəzi siyasi dairələr usanmadan “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnu” qabartmağa çalışırlar, lakin öz qarşılarında ciddi əngəllər, etirazlar gördükdə fiaskoya uğrayırlar...

Bu yazı deputatın fəaliyyətinə ümumi baxış xarakteri daşıyırdı. Ümid edirik ki, Elxan Süleymanovun saytından olan narazılığımız da qısa müddətdə aradan qalxar, onun deputatlıq fəaliyyətini daha yaxşı öyrənib daha dolğun fikirlər bildirmək üçün mükəmməl məlumat bazası ortaya çıxar. Mətbuata çıxmayan müsbət işlərə gəlincə isə, bu barədə fikir bildirməyi Elxan Süleymanovun seçicilərinin öhdəsinə buraxırıq.

 

Şərhlər

Çox oxunanlar