Türkiyə və ABŞ İŞİD-lə mübarizədə niyə razılığa gəlməyib? - ARAŞDIRMA

11.07.2015 12:51     Siyasi reaksiya     2532

ABŞ prezidenti Barak Obamanın İŞİD ilə Mübarizə üzrə xüsusi nümayəndəsi təqaüddə olan general John Allenin başçılıq etdiyi ABŞ heyəti bir neçə gün öncə iki günlüyünə Ankarada səfərdə olub. Ankara, ABŞ-ın Suriyanın şimalında demoqrafik quruluşun dəyişməsinə qarşı olan mövqeyi və İŞİD - ə qarşı icra etdiyi siyasətindən məmnun olmadığını növbəti dəfə təkrarlayıb.

Türkiyə ilə ABŞ arasındakı anlaşılmazlıqlar niyə bu qədər dərinləşib? Amerikalılar Türklərdən nə gözləyir? Ankara konkret olaraq Vaşinqtonun Suriya siyasətinin hansı tərəflərindən narahatdır? Türkiyə ilə ABŞ arasında İŞİD – lə mübarizə mövzusundakı davam edən mübahisələr ümumi olaraq Türkiyə-ABŞ əlaqələrini necə təsir edəcək və bu vəziyyət hansı nəticələri doğuracaq?

Məsələ ilə bağlı  Reaksiya.az – a açıqlama verən Ankara Ufuk Universiteti Beynəlxalq Əlaqələr fakultəsinin dekanı, Səadət Partiyası sədrinin müşaviri və ESAM mütəxəssisi, keçmiş Ankara millət vəkili Prof. Dr. Oya Akgönenç Muğisuddin bildirib ki, hal-hazırda ortada kritik bir vəziyyət var: “İŞİD - ə qarşı qəti olaraq bəzi hərəkətlərin edilməsi vacibdir və Amerika bunu istədiyini dəqiq bir şəkildə müəyyən edir. Digər tərəfdən Türkiyənin də öz şərtləri var: Əgər IŞİD - ə qarşı mübarizə aparılacaqsa koordinasiyalı bir şəkildə inkişaf etməli və hamı əlini daşın altına qoymalıdır. İndi son günlərdə İŞİD - in davranışlarına baxdığımız zaman, çox maraqlı bir vəziyyət var. İŞİD gəlir, müəyyən yerlərə hücum edir, oradakı insanlar da can hayında qaçırlar. Qısa bir müddət sonra oranı ya PYD ələ keçirir, ya başqa bir qrup. Yəni çox maraqlı deyə biləcəyimiz və yaxud da bir anlaşılmayan bir taktika tətbiq olunur. İndi Türkiyə haqlı olaraq bunu mühakimə edir. Bu nə anlama gəlir? Bu nə üçün aparılır? İŞİD-lə mübarizə aparırsa, bu İŞİD kimə qarşı döyüşür, kimə qarşı mübarizə aparır və nə üçün onun yerinə davamlı kürdlər doldurur? Bütün bunlar haqlı suallardır.

SONRAKI mərhələdə TÜRKİYƏ VƏ İRAN OLUR

Bir tərəfdən də PYD - nin Suriyadakı fəaliyyəti suallar yaradır. Burada addım-addım müxtəlif kəndlər ələ keçirilərək bir dəhliz meydana gətirilir. Və Türkiyə bundan heç məmnun deyil, çünki müstəqil Şimali İraq bölgəsindən sonra bir də müstəqil Şimali Suriya bölgəsi ortaya çıxsa, bundan sonrakı mərhələlədə Türkiyə və İran var deməkdir. Haqlı olaraq da hər ölkə özünü maraqlarında həddindən artıq həssas olmaq məcburiyyətindədir.

Amerikalılarla İncirlik bazasının istifadə mövzusu müzakirə olunur bu günlərdə və oradakı əsas müzakirə mövzusu, Suriyadakı PYD - nin davranışlarıdır. Demək ki, PYD və Suriya məsələsi həll edilmədən, İŞİD - in kimə qarşı döyüşdüyü, bu torpağı nə üçün tərk edib getdiyi başa düşülmədən Türkiyənin bir addım atmasını mümkün hesab etmirəm”.

ABŞ 14 min kilometr uzaqda yerləşir

Bu, Obamanın planlarına zidd düşə bilər. Çünki Amerika müəyyən bir sürət içində hadisələrin olmasını istəyir. Lakin Amerika bölgədən 14 min kilometr uzaqdadır və buradakı çətinliklərin heç birini yaşamır. İki milyon Suriyalı Amerikanın torpaqlarında köçkün vəziyyətdə yaşayır. Hadisələr Amerikanın sərhədində baş vermir. Buna görə də onların hadisəyə baxışı, daha soyuqqanlı və mənfəətçi ola bilər. Amma Türkiyə şəxsən hadisələri yaşadığı və gələcəyindən təsirlənəcəyi üçün haqlı olaraq daha çox diqqətli olmaq, araşdırmaq və o şəkildə cavab vermək məcburiyyətindədir. Bu da həm sürət, həm qərar baxımından iki ayrı platforma ortaya çıxartdığı üçün müəyyən bir gərginlik də yarada bilər".

Şərhlər

Çox oxunanlar