Millət vəkili Qənirə Paşayeva Qırğızıstan hökumət üzvləri ilə Qarabağdan danışıb.
26.07.2016 18:14 Siyasi reaksiya 1095
Millət vəkili Qənirə Paşayeva Qırğızıstan hökumət üzvləri ilə görüş zamanı Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini söyləyib.
Qırğızıstan-Azərbaycan əlaqələri, hər iki qardaş-dost ölkənin parlamentləri arasında da qarşılıqlı əməkdaşlığın getdikcə daha da artmasının məmuniyyətverici olduğunu deyən Qənirə Paşayeva əlaqələrin daha da genişlənməsini vacibliyini vurğulayıb.
Görüş zamanı millət vəkili Q.Paşayeva Türk dünyası hökumət və parlament üzvləri, ziyalıları topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıdır deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.
Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib.
Dünyada və bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə danışan millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib:
” Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.
Millət vəkili Q.Paşayeva Türk dövlət və toplumlarında gənclərimizə ortaq tariximizi oxutmalı,öyrətməliyik deyərək bunun vacibliyi ilə bağlı fikirlərini geniş çatdırıb.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,söyqırımlar barədə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva deyib ki, bütün Türk dünyası Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə Azərbaycana daha çox dəstək olmalıdırlar.
Azərbaycanı qardaş ölkə adlandıran Qırğızıstan hökumət üzvləri Azərbaycanla əməkdaşlığın daha da genişlənməsinin önəminə toxunub və bu istiqamətdə səylərin daha da artıracaqlarını deyiblər.
Görüş zamanı bir sıra vacib təklif və düşüncələr ətrafında, Qarabağ həqiqətlərinin Qırğızıstanda daha geniş yayılması istiqamətində geniş müzakirələr aparılıb.
Görüşün sonunda millət vəkili Q.Paşayeva Qırğızıstan hökumət üzvlərinə Azərbaycan tarixi,mədəniyyəti və Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar,filmlər və materialları hədiyyə edib.
Şərhlər