Şəkidə Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb
17.08.2016 22:57 Siyasi reaksiya 888
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdir. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin".
Şərhlər