İlham Əliyev almanlarla bağlı sərəncam imzaladı

30.08.2016 22:33     Siyasi reaksiya     1151

Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Sərəncamda deyilir:
 
“Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaradıb. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlayıb. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr veriblər.
 
2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi təqdirə layiqdir.
 
Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyəti nəzərə alınaraq imzalanan Sərəncamın məqsədi Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etməkdir”.
 
Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
 
 
 

Şərhlər

Çox oxunanlar