Politoloq: “Azərbaycan Qərb üçün bu regionda önəmli bir tərəfdaş olaraq qalacaq”.

16.07.2015 17:08     Siyasi reaksiya     2600

Son günlər regionda yaşanan hadisələr çox ciddi sualları gündəmə gətirməkdədir. Biz də gündəmi işğal edən mövzularla bağlı gənc politoloq Ehtiram Aşırlı ilə söhbət etdik.

   

-İranla bağlanan nüvə anlaşmasının ölkəmizin öz yerini müəyyən etmək baxımından önəmi nə qədərdir?

-İranla bağlanan nüvə anlaşması Yaxın Şərqdəki qüvvələr balansına təsir göstərəcəyi kimi, Qafqaza da öz təsrini göstərəcək. Xüsusilə bizim ölkəmiz tərəfindən baxsaq, bu anlaşmanın Azərbaycana istər regionda, istərsə də qlobal səviyyədə müsbət və mənfi təsirləri olacaqdır. Təhlükəsizlik baxımından bölgədə İranla müharibə təhlükəsinin aradan qalxmasını müsbət bir cəhət kimi qeyd edə bilərik. Lakin İran üzərindən qalxan Qərb təzuyiqi İrana imkan verəcək ki, Azərbaycanda təhlükəsizlik fəaliyyətlərini gücləndirsin. Həmçinin Qərb - İran münasibətlərinin yumşalması Azərbaycanın bölgədəki manevr imkanlarını genişləndirməyə şərait yaradacaq. Ancaq təzyiqlərdən azad olan İranın Qafqazda daha da fəallaşmasını və Azərbaycan üzərində təzyiqlərinin gücləndirilməsini də gözləmək olar. Digər önəmli bir məsələdə İranla razılaşan Qərbin artıq Azərbaycana olan ehtiyacı azalacaq, bu da Qərbin Azərbaycana qismən də olsa təzyiqlərinin artması deməkdir. Digər tərəfdən Rusiyanın regionda güclənməsinin davam etdiyini və Qərbin bu regionda manevr imkanlarının zəiflədiyini düşündüyümüz zaman Azərbaycan Qərb üçün bu regionda önəmli bir tərəfdaş olaraq qalacaq. Məsələnin iqtisadi tərəfinə gəldikdə isə İranda iqtisadi irəliləyiş baş verərsə, cənub rayonlarında yaşayan vətəndaşlarımız iş üçün İrana üz tuta bilərlər.Buna baxmayaraq, neft-qaz sahəsində İranın Azərbaycanla müqayisədə daha çox imkanlara malik olması və onun Qərb bazarında fəallaşması Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərəcək. Çünki Azərbaycan iqtisadiyyatı çox təəssüf ki, çoxşaxəli deyil və dövlət gəlirləri neft-qaz gəlirlərindən asılı vəziyyətdədir. Bu anlasmadan sonra İran neftinin dünya bazarına çıxması sürətlənəcək ki, bu da dünya bazarında neftin qiymətinin düşməsi və Azərbaycan iqtisadi gəlirlərinin azalması deməkdir. Digər önəmli bir məsələdə İran dünyada ikinci ən böyük qaz ehtiyatına malik olan ölkədir ki, bu anlaşmada İrana imkan verəcək ki, qazını Avropa bazarına çıxarsın. Təbii ki, bu da Azərbaycana öz təsirini göstərəcək və Azərbaycan qazı indikindən daha ucuz qiymətə satmalı olacaq. Digər tərəfdən də İranın dünya bazarlarına açılması Azərbaycanın tranzit ölkə funksiyasının gücləndirməsinə xidmət edəcəkdir. Bu xüsusi ilə İran və Mərkəzi Asiya enerji mənbələrinin Avropa bazarına nəqlində özünü göstərəcək. Nəticədə Azərbaycan son zamanlar Qərblə arasında yaranan soyuqluğu aradan qaldırmalı və İranla münasibətləri daha da yaxşılaşdırmağa çalışmalıdır. Bununla yanaşı Azərbaycan tərəfi İrana TANAP lahiyəsinə qoşulmağını da təklif edə bilər və həmçinin enerji sahəsində birgə lahiyələr həyata keçirə bilər

-Neçə düşünürsünüz bu anlaşmadan regionda kim əsas aktor olacaq: ŞƏT yoxsa NATO?

-ŞƏT yarandığı zaman daha çox Mərkəzi Asiya ölkələri ilə Çin arasında sərhəd və təhlükəsizlik məsələlərinin birlikdə müzakirəsi və dialoqunun qurulması üçün ortaq bir platforma idi. Rusiya və Çin arasında da qlobal təhlükəsizlik və sərhəd problemlərinin həll edilməsində önəmli rol oynadı. Daha sonra isə Çin iqtisadiyyatının inkişafı ilə yeni hədəflərə yönəldi. Bununla da təşkilat hərbi strateji əməkdaşlıqla yanaşı iqtisadi ittifaqa da çevrildi. Daha sonra bu təşkilat üzv ölkələrinin probleminin həll olunmasında NATO və ya qərbə qarşı bir birliyə çevrilmə mərhələsinə keçdi. Bu gün Hindistanın, Pakistanın təşkilata üzv olması və İran, Monqolustan kimi dövlətlərin müşahidəçi qismində təşkilatda yer alması bu təşkilatın geopolitik önəmindən xəbər verir. Xüsusilə də Qərbin İranla nüvə razılığı əldə etdikdən sonra İran üzərində iqtisadi sanksiyaların qaldırılması gələcəkdə İranın ŞƏT və BRICS - ə qoşulması imkanlarının artması deməkdir. Gələcəkdə İranın ŞƏT-ə qoşulması təşkilatın Avrasiya coğrafiyasında getdikcə təsir imkanlarının genişlənməsi deməkdir. Bu da regionda ŞƏT - in gələcəkdə əsas aktor ola biləcəyindən xəbər verir. Xüsusilə də təşkilatda BMT - nin daimi üzvlərindən ikisi və dünyanın nüvə potensialına sahib 5 ölkəsi (Rusiya, Çin, Hindistan, Pakistan və İran) təmsil olunması bu təşkilatın regionda əsas aktor olma önəmini artırır. İqtisadi cəhətdən də Çinin arzuladığı layihələrin reallaşacağı təqdirdə ekspertlər 2020-ci ilə kimi dünya iqtisadi gücünün 30% - dən artığının ŞƏT üzvlərinin əlində olacağını proqnozlaşdırırlar ki, bu da ŞƏT - i həm regional, həm də qlobal səviyyədə əhəmiyyətini artıracaqdır. Bununla yanaşı gələcəkdə Azərbaycan və Ermənistan ŞƏT - ə üzv olma prosesini gücləndirə və ya bunu reallaşdıra bilsələr, o zaman böyük ehtimalla, Rusiyanın istəyi ilə də bu regionun təhlükəsizlik problemləri Qərb kontekstindən çıxarılaraq ŞƏT kontekstinə salınacaq. Bütün bu proseslər ŞƏT - in gələcəkdə regionda əsas aktor olaraq önəmli söz sahibi olacağını göstərir.Təbii ki, regionda ŞƏT-in əsas aktor olma imkanları artmasında ən önəmli faktorlardan biri də bu günlər Gürcüstanda, Ukraynada baş verən olaylarda Qərbin və ya NATO - nun lazımi tədbirləri görməməsiylə də əlaqələndirə bilərik. Ən önəmlisi bugün qlobal səviyyədə Çinin gücünün artması və regionda Rusiyanın daha da güclənməsidir ki, bu da regionda gələcəkdə ŞƏT - i əsas aktora çevirə bilər.

Şərhlər