Ermənistan mətbuatında hər gün Qarabağdan danışılır. Qarabağ ətrafında baş verənlər barədə fikir bildirən siyasətçilərin, deputatların, politoloqların, qəzet yazarlarının sayı-hesabı yoxdur. Doğrudur, yazmağa və söyləməyə bir şey tapmayanda fantaziyalarını da işə salmağı unutmurlar. Bütün fikirlərdə isə yalnız bu sezilir - xof, isteriya, şübhə...
Amma hər halda düşmən cəbhəsinin beyinlərindən nələr keçdiyini Azərbaycan oxucularına çatdırmamaq da olmaz.
Musavat.com xəbər verir ki, Ermənistan “Siyasi və beynəlxalq araşdırmalar mərkəzi”nin direktoru Agasi Yenokyan Qarabağ ətrafında son gəlişmələrlə bağlı iragir.am saytına açıqlamalar verib.
Agasi Yenokyan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açarın Rusiyanın əlində olduğunu söyləyib.
Buna rəğmən Yenokyan Rusiyanın bu məsələdə mövqeyinin konstruktiv olmadığını söyləyib: “Azərbaycan və Ermənistan prezidentləri arasında son görüşü Moskva təşkil edib. Yəqin ki, Rusiya ATƏT-in digər həmsədrləri ilə razılaşdırmadan onlara bir sıra təkliflər də verib. Burdan belə çıxır ki, nizamlama prosesi üçün ən böyük potensial elə Rusiyada olmalıdır. Lakin Moskva münaqişəni həll etməkdə maraqlı deyilsə o başqa...”
Müxbirin Qarabağ problemi ilə bağlı Ermənistanda mövcud olan situasiya və mövqeyi barədə sualına Yenokyan belə cavab verib:
“ATƏT vasitəçiləri o qədər xeyirxah oldular ki ”Sasna tsrer" qiyamında Ermənistana öz daxili problemləri ilə boğuşmağa imkan verdilər. Qarabağ münaqişəsinə gəlincə, burda söhbət ərazi güzəştlərindən gedir. Hərçənd ki, Ermənistanın əvəzində nə alacağı bilinmir. Dəyişən bircə odur ki, iqtidar ərazi güzəştləri mövzusundan daha qaçmır və bunun birtərəfli olmayacağını bəyan edir. Lakin bununla bağlı adekvatlıq kodu hələ tapılmayıb".
Yenokyan qondarma “DQR”in müstəqilliyinin tanınması ilə bağlı suala qeyri-müəyyən cavab verib: “Müzakirələrin getdiyi 20 il ərzində biz ərazilərin təslim edilməsi, qaçqınlar, sülh deyərkən Dağlıq Qarabağ xalqının (Dağlıq Qarabağın erməni icmasının - red.) öz müqəddəratını həll etmək hüququ məsələsindən uzaqlaşmışıq. Müqəddəratı həll etmək hüququ barədə müəyyənlik həll olunmayana qədər problemin nizamlanmasından danışmaq olmaz. Digər tərəfdən, statusla bağlı da anlaşılmaz təkliflər gəlir. Bizlər üçün öz müqəddəratını həll etmək hüququ , elə öz statusumuzu müəyyən etmək imkanıdır”.
Yenokyanın fikrincə, “Sasna tsrer” qiyamı nəticəsində Ermənistan onun üçün təhlükəli sayılan Lavrov planından imtina etməyə macal tapıb: “Lakin görünür ki, Ermənistanın arxasında hələ də hansısa planlar müzakirə olunur. Mümkündür ki, bu elə həmin Lavrov planı olsun”.
Ermənistanın digər politoloqu, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, aprel hadisələrindən sonra Qarabağ məsələsinin nizamlanmasında aktivlik hələ müşahidə olunmur:
“Dördgünlük aprel döyüşlərindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri xüsusilə aktiv idilər. Onlar məsələnin həlli üçün bir çox cəhdləri həyata keçirirdilər. Lakin ATƏT-in rayon və torpaqların təslim edilməsi ilə bağlı səslənən təklifləri hər iki tərəfdə böyük panikaya səbəb oldu”.
Politoloqun fikrincə, hazırda sərhəddə vəziyyət sakit görünməsinə baxmayaraq, sülh həmişə davam edə bilməz: “Gərginliyin azalması üçün siyasi faktorlar və mexanizmlər mövcud deyil. Hər şey mexaniki həyata keçirilir”.
Ermənistanın “Miras” Partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyanın da ağlı hələ də aprel döyüşlərindədir. O, parlamentdə jurnalistlərlə söhbət zamanı Qarabağda ərazi güzəştlərindən söhbət gedə bilməyəcəyini söyləyib. Poqosyanın fikrincə, aprel döyüşlərindən sonra müvafiq dərslər alınsa da bütün bunlar kifayət etmir.
Erməni deputat bu döyüşlərdə məğlubiyyətin (Ermənistan tərəfinin -red.) günahkarlarının qovulmaqdan əlavə, cəzalanmalı olduğunu da qeyd edir: “Erməni ordusu təkcə müdafiəyə deyil, preventiv zərbələr endirməyə də qadirdir”, deyə, erməni deputat “xox gəlməyi ” də unutmayıb.
Xatırladaq ki, Ermənistan silahlılarının Qarabağdakı qruplaşmasının komandanı (ermənilər onu “DQR”in Müdafiə Ordusunun komandanı adlandırırlar) Levon Mnatsakanyan da Rusiyanın “Regnum” agentliyinə verdiyi müsahibədə erməni ordusunun apreldə itirdiyi mövqeləri qaytarmağa şansı olacağını söyləmişdi. Lakin necə deyərlər, hürən it dişləmir...
Hər halda erməni mətbuatına göz yetirdiyimiz zaman bir şeyi görə bilərik... Bu hava onların havasıdı... Aprel müharibəsi onlar üçün bir kabus idi, bitdi amma qurtarmadı. Atəşkəs davam edir. Torpaqlarımız hələ düşmən tapdağı altındadır.
Doğma yurdlarımızda səngərlər qazırlar, su kəmərləri çəkirlər, kəndlərimiz bombalanır...onlara nə var. İtirilən, gedən öz torpaqları deyil ki...Tək məqsədləri varEatəşkəs mümkün qədər uzansın...hətta on illərlə... Torpaqlar işğal altında qalmaqda davam etsin, status-kvo olduğu kimi saxlanılsın...
Lakin bunu artıq edəməyəcəklərini də gözəl bilirlər. Azərbaycan əsgəri aprel döyüşlərində yalnız status-kvonu silkələmədi; həm də və əsasən, erməni cəmiyyətini, bu millətlə bağlı olan hər şeyi silkələdi və sarsıtdı.
Şərhlər