Ermənistanın Azərbaycana təcavüzünə dair İƏT çərçivəsində Kontakt Qrupunun ilk iclası keçiriləcək

12.09.2016 17:30     Siyasi reaksiya     1500

Azərbaycanda işgüzar səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla İƏT arasında əməkdaşlığın səviyyəsi, gələcək prioritet istiqamətləri, üzv dövlətlərlə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Baş katib İyad bin Amin Mədəni müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. O, Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib. Baş katib Azərbaycanı multikultural ənənələr və dini dəyərlərin yüksək səviyyədə qorunduğu ölkə kimi xarakterizə edərək, ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan E. Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu nəzərə çatdırıb.

 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən nazir münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin birmənalı şəkildə dəstəklənməsinə görə, İƏT Baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının təqdirəlayiq olduğunu qeyd edərək, Qrupun fəaliyyətinin münaqişənin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

 

Görüşdə həmçinin tərəflər BMT Baş Assambleyasının qarşıdan gələn növbəti sessiyasında Kontakt Qrupun ilk iclasının keçiriləcəyindən məmnunluqlarını ifadə ediblər.

 

Baş katib 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünə görə ölkəmizə təşəkkürünü bildirib.

 

E. Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunları, “Formula 1” Avropa Qrand-Prisi və digər mötəbər tədbirlər kimi İslam Həmrəylik Oyunlarının da yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb.

 

Nazir Azərbaycanın bundan sonra da İƏT-ə fəal üzv kimi təşkilatın gündəliyində duran məsələlərin həyata keçirilməsinə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.

 

Görüşdə həmçinin təşkilat çərçivəsində İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar