“Parlament seçkilərinə bloksuz gedəcəyik”

03.06.2015 14:25     Siyasi reaksiya     956

Samir Əsədli: "Bizim partiya Seçki Məcəlləsinin köklü dəyişdirilməsinin tərəfdarıdır"

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) builki parlament sçekilərinə heç bir bloka qatılmadan, öz namizəd siyahısı ilə getmək fikrindədir.

Bunu Reaksiya.Az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.

Onun sözlərinə görə, Milli Məclisə 2010-cu ildə keçirilən seçkilərdə partiya Demokratiya Blokunun daxilində getmişdi, lakin bu seçkilərdə bloksuz iştirak variantına daha çox üstünlük verilib:

“Sözsüz ki, seçkilərdə blokla iştirak partiyalara güclərini birləşdirmək imkanı verir, lakin blokun təsis olunması və birgə işlərin təşkili bir qədər uzun prosesdir. O baxımdan, VHP özünün 80 rayon təşkilatı və 1 muxtar respublika təşkilatı ilə birlikdə seçkilərə qatılmaq, hətta 125 seçki dairəsinin hamısında namizədlər irəli sürmək fikrindədir. Seçkilərə bloksuz qatılsaq da, demokratik seçki mühitinin yaradılması, seçkilərin normal keçirilməsi naminə digər siyasi qüvvələr və fərdi namizədlərlə də əməkdaşlıq istisna olunmur”.

Seçkilərdən sonra keçirilməsi planlaşdırılan partiya qurultayına hazırlıq işlərinin də yekunlaşdığını deyən VHP funksioneri qeyd edib ki, seçkilər prosesində namizədlər və müşahidəçilərlə bağlı qərarlar qəbul edilib ictimaiyyətə açıqlanacaq: “Çalışacağıq ki, mümkün qədər çox namizədlə iştirak edək. Keçən seçkilərdə namizədlərimizin 80 faizi gənclər idi, bu il də gənclərə üstünlük verəcəyik. Gənclərlə çalışmaq, elektoratla daha sıx ünsiyyət qurmağı, fəal təbliğat aparmağı planlaşdırırıq. Lakin Seçki Məcəlləsindən narazıyıq və düşünürük ki, bu məcəllə çərçivəsində müxalifət partiyalarının normal seçki təbliğatı aparması çətin olacaq. Bizim partiya Seçki Məcəlləsinin köklü dəyişdirilməsinin tərəfdarıdır”.

Rüfət

Reaksiya.Az

 

Şərhlər

Çox oxunanlar