Elmar Məmmədyarov monqolustanlı həmkarı ilə görüşüb
20.09.2016 23:27 Siyasi reaksiya 1070
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci Sessiyası çərçivəsində monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Monqolustan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıldı. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə monqolustanlı həmkarına məlumat verdi. Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyəti və oynadığı rolu qeyd edən nazir Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlığın xüsusilə açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacağını diqqətə çatdırdı.
Nazir Tsend Munk Orgil Monqolustanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.
Görüşdə həmçinin tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini vurğuladılar.
Şərhlər