ABŞ-dan Qarabağ açıqlaması: Qeyri-peşəkarlıq, yoxsa hegemonluq iddiası?
30.09.2016 23:09 Siyasi reaksiya 1250
ABŞ-ın Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı verdiyi son bəyanatı Obama adminstrasiyasının qeyri-peşəkarlığını və uzaqgörən olmadığını göstərir.
Bu barədə Milli.Az-a politoloq Rasim Ağayev ABŞ-ın Dövlət katibi Con Kerinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkünsüz olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Politoloq hesab edir ki, əvvəla bu bəyanat göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində öz iştirakını lazımsız bilir: "Yəni, demək istəyirlər ki, bu, düzələn məsələ deyil və ya dolayısı ilə, bizim gücümüz çatmır. Görəsən, indi birdən-birə nə oldu? Axı bir müddət əvvəl deyirdilər ki, müharibə lazım deyil, iki tərəf də oturub danışıqlar aparmalıdır. Azərbaycan bir müddət əvvəl ABŞ-a etiraz etdi ki, Rusiyanın Krımı ilhaq etməsinə tez reaksiya verilir, amma 25 ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, Amerika isə aqressora qarşı heç bir söz demir. Bundan sonra ABŞ rəsmiləri başladılar deməyə ki, yox elə deyil, biz də çalışırıq ki, məsələ həll olunsun. Hətta bu yay Ermənistanı bir az "sıxdılar" da. Amma indi birdən-birə, özü də ABŞ-ın məsələnin həlli ilə bağlı danışıqlarda fəallığının artdığı bir vaxtda belə bir bəyanat səsləndirildi".
Onun fikrincə, Kerri və Obamanın komandası bizə bildirmək istəyir ki, onlar Azərbaycanın hərəkətlərində nəyisə bəyənmirlər: "Hesab edirəm ki, Putinin həm Qarabağ məsələsində, həm Azərbaycanla, həm də ümumən Cənubi Qafqazla münasibətlərdə fəallaşması kənardan belə bir təəssürat yaradır ki, Azərbaycan da ümidlərini Rusiyaya bağlayır. Digər tərəfdən, son vaxtlar Amerika-Rusiya münasibətləri kəskin, gərgin vəziyyətə gəlib çıxıb.
İndi Kerri də bu bəyanatı ilə rəsmi Bakıya bu şəkildə nədənsə narazı qaldığını bildirir. Loru dillə desək, demək istəyir ki, Rusiyanın problemi həll edəcəyini gözləyirsizsə, gedin görüm necə həll edəcək? Ola bilər ki, bu hərəkət kiməsə məntiqli görünsün, amma, əslində, bu, Obama adminstrasiyasının peşəkar və uzaqgörən komanda olmadığını göstərir. Obamanın hakimiyyəti illərində belə şeylər çox olub. Ona görə ABŞ-ın xarici siyasət sahəsindəki vəziyyəti yaxşı deyil. Belə ki, ABŞ Avropa İttifaqı, Rusiya, Latın Amerikası ilə dil tapa bilmir. Yaxın Şərqdə isə vəziyyət hamıya bəllidir, Suriya artıq parçalanmaq üzrədir. Mən hələ ABŞ-ın, Obamadan əvvəlki prezidentlərin Yaxın Şərq bölgəsindəki mənfi rolundan danışmıram".
R.Ağayev qeyd edib ki, əslində, məsələnin kökü Amerikanın yeni, qlobal siyasəti ilə bağlıdır: "Kobud desək, Amerika istəyir ki, hamı onun sözü ilə oturub-durmalı, mütləq onun dediyini həyata keçirməlidir. Bu isə vaxt keçdikcə beynəlxalq aləmdə ciddi ziddiyyətlərə gətirib çıxaracaq. Kerri deyir ki, Rusiyanın vəziyyəti getdikcə ağırlaşacaq, pulu olmayacaq, insan itikiləri olacaq. Amma özlərinin Yaxın Şərqdəki itkilərindən danışmır. Qısası Obamanın bu məsələdə uzaqgörənlik nümayiş etdirə bilməyən komandası ciddi səhvlərə yol verib, Kerrinin bəyanatı da bu səhvlərdən biridir".
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik" həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.
Şərhlər