Azərbaycanın Müdafiə Nazirliyi düşmənə xəbərdarlıq etdi; düşmən bütün cəbhə boyu snayperlərin sayını artırıb, hər an yeni təxribatlar törədilə bilər; ekspert: “Bizdə məlumat var ki, Ermənistan ordusuna aktiv fəallaşma ilə bağlı göstəriş verilib”
Ermənistan ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişikliklərindən sonra işğalçı ölkənin cəbhəboyu təxribatlara əl atacağı barədə ehtimallar özünü doğrultdu. Belə ki, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyib. Həmçinin bəyan edib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Qeyd edək ki, bir neçə gün əvvəl “Xocalı qatili” olan müdafiə naziri Seyran Ohanyan Ermənistan prezidenti Aparatının rəhbəri Viqen Sarkisyanla əvəzlənsə də, Ermənistan Silahlı Qüvvələrinin baş qərargahının rəisi vəzifəsinə digər bir Xocalı soyqırımının əsas iştirakçısı, Yuri Xaçaturov təyin edilib. “DQR”in “müdafiə naziri” olmuş Xocalı cəlladı Movses Akopyanı əvəzləyib. Prezident Serj Sərkisyan təkcə bu il 148 hərbçisini itirən ordunun rəhbərliyini tam şəkildə dəyişməklə erməni əhalisinin etirazlarını səngitmək istəyir. Eyni zamanda şübhə yoxdur ki, yeni rəhbərlik də özünü təsdiq etmək üçün fürsət düşən kimi Azərbaycana zərbələr vurmağa çalışacaq, necə ki, təyinatdan iki gün sonra bir əsgərimiz qurban getdi. Hər halda Azərbaycan ordusu düşmənin bu alçaq hərəkətini cavabsız qoymayacaq və Müdafiə Nazirliyinin açıqlamasından da bəlli olur. Lakin Azərbaycan sülh danışıqlarına sadiq olduğunu son günlər dəfələrlə bəyan etməsinə baxmayaraq, Ermənistan özünün işğalçılıq missiyasından əl götürmür.
Apreldə ağır canlı qüvvə, texnika, həmçinin strateji əhəmiyyətli yüksəklikləri itirmiş Ohanyan komandasını əvəzləyən Viqen Sarkisyan-Movses Akopyan cütlüyü özünü təsdiqləmək və reytinqlərini artırmaq üçün növbəti azbaşınalıqlara gedəcəklər, bu, şübhə doğurmur. Separatçı rejimin “müdafiə naziri” olmuş və işğal zonasını yaxşı tanıyan Akopyanı da tez-tez ərazilərimizdə görəcəyik.
Ancaq hələ ki beynəlxalq aləmdən, “sülhyaratma” prosesini özünün monopoliyasına almış ATƏT-dən Ermənistanın azğınlığına qarşı reaksiya yoxdur. Təəccüblüsü odur ki, Azərbaycan tərəfin düşmənə zərbə vurması halında həmin dairələr dərhal hərəkətə keçirlər. Ermənistanın Rusiyadan alqığı “İsgəndər” raket kompleksinin bölgə üçün nə qədər təhlükəli olduğuna dair də onlardan münasibət gəlmədi. Hətta bəzi dairələr bunu absurdcasına “balans yaratmaq” üçün atılan addım kimi şərh etdilər. Ancaq Ermənistanın sürətlə silahlanmasına cavab olaraq Azərbaycanın da müasir silah-sursat almağa qərar verməsi barədə rəsmi mövqeyi həmsədrlərin “don”unu açdı.
Necə ki, iki gün əvvəl ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik növbəti görüşün anonsunu verdi. “ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər” - diplomat deyib. Uorlik ardınca deyib:“Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır. Sülh prosesində tam irəliləyişə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk”.
Bunun ardınca isə Roma Papası sülh çağırışı etdi. “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol sülh danışıqlarıdır” deyən Roma Papası bölgədə olduğu və geri dönəndən sonrakı dönəmlərdə erməni işğalı barədə bir kəlmə söyləmədi. ABŞ Dövlət katibi Con Kerri isə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbini Ermənistanın işğalçılıq siyasətində deyil, liderlərin sülhə hazır olmamasında gördüyünü açıqladı. Amerikalı diplomatın dediklərinə rəsmi Bakının cavabı gecikməyib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, bu açıqlama təəssüf doğurur və məyusedicidir. Dövlət rəsmisi bildirib ki, bu açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qurumun çıxardığı 4 qətnamənin icrasından irəli gəlir. Digər tərəfdən, Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürüb”. Əli Həsənov bildirib ki, Con Kerrinin açıqlaması bu statuslara ziddir.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında növbəti görüşlə bağlı təşəbbüslərin səbəbindən danışdı: “Həmsədrlər prezidentləri ona görə görüşdürmək istəyirlər ki, yaxın müddət üçün savaş təhlükəsinin qarşısını ala bilsinlər. Ancaq hətta prezidentlər görüşsə belə bu hərbi toqquşma ehtimalını azaltmayacaq. Çünki həmsədrlər birbaşa münaqişənin həllini sürətləndirməklə məşğul deyillər, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Ermənistan hakimiyyətinə təsir etmirlər. Bu addım atılmadan isə sülh prosesinə start verilməyəcək. Digər tərəfdən, həmsədrlərin istəklərinə rəğmən, prezidentlərin yaxın aylarda görüşəcəyini də zənn etmirəm. Bunun üçün münbit zəmin yoxdur. Tam əksinə, vəziyyət getdikcə gərginləşir. Rusiya Ermənistan ”İsgəndər" raketlərini verməsi sülh prosesinə xidmət etmir. Çünki həmin raketlərin daha sonra Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalı var. Həmin raketlər bəlkə də hazırda bizim torpaqlarımızda bizə qarşı tuşlanıb. Buna cavab olaraq da Azərbaycan eyni tipli raketlər və raketlərdən müdafiə sistemləri almaq məcburiyyətindədir. Bundan başqa, cəbhə bölgəsində atəşkəs əvvəlki tək intensiv pozulur. Üstəgəl, Ermənistan hər zaman istifadə etdiyi təxribatı yenidən təkrarlayır, Dağlıq Qarabağ ətrafında işğal altındakı torpaqlarda hərbi təlimlər keçirir. İki il bundan əvvəl həmin təlimlər Azərbaycan ordusunun Ermənistana məxsus helikopterin vurulması ilə nəticələnmişdi. Yəni aprel toqquşmalarına nə səbəb olmuşdusa, eyni səbəblər yenə vəziyyəti gərginləşdirir".
Hərbi ekspert Üzeyir Cəfərov da Amerikadan gələn reaksiyaya sərt münasibət bildirdi: “ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllinin hazırkı mərhələdə mümkünsüz olması ilə bağlı səsləndirdiyi bədbin fikirlərdən sonra ən azından ATƏT-in Minsk Qrupu bu məsələyə münasibət açıqlamalı idi. Bundan sonra onların nə etmək istədikləri bəlli olardı. Fikrimcə, vəziyyət düşündüyümüzdən də çox mürəkkəb və qəlizdir. Ən azından görünən odur ki, iki nəhəng dövlət - ABŞ və Rusiya öz aralarında həm regional, həm də dünya məsələlərində mübarizə aparırlar, acı nəticələrini də biz öz üzərimizdə hiss edirik. Mən Suriya, keçmiş SSRİ məkanındakı bəzi münaqişə ocaqlarını nəzərdə tuturam. Son vaxtlar Amerika ilə Rusiya arasında baş verən gərginliklər isə, düşüncəmə görə Qarabağ məsələsinin Azərbaycanın maraqları çərçivəsində həllini bir qədər də geriyə atmış olur. Görünən mənzərə bundan ibarətdir”.
Ü.Cəfərov Amerikadan verilən bəyanatın ardınca Papanın dedikləri arasında əlaqə olduğunu istisna etmədi: “Bunlar sanki bir mərkəzdən idarə olunan və yalnız ermənilərin marağına xidmət edən mövqelərdir. Araşdırma aparan yoxdur ki, 1994-cü ildən bəri Ermənistana nə qədər silah-sursat verilib. Düzdür, Azərbaycan son illər xeyli inkişaf edib. Amma Rusiya həm 102-ci bazadakı 2 və 3-cü nəslə aid silahları ermənilərə bağışlayıb, həm də əlavə silah, hərbi texnika verib. Çox təəssüf ki, beynəlxalq qurumlar nə ermənilərin Ağdamdakı təlimlərinə, nə də silahlanmasına reaksiya vermir, sadəcə mənasız görüşlərin baş tutmasına çalışırlar”.
Ü.Cəfərov hesab edir ki, danıışıqlar prosesinin növbəti raundu da heç bir nəticəyə gətirməyəcək: “Əksinə, bu konfliktdən əziyyət çəkən insanlarda daha da qıcıq, daha da nifrət yaratmaqdan başqa bir şey deyil. Hər iki tərəf ən güclü silah və sursatlarla silahlanıblar. Bu dəfə cəbhədə baş verənlər ümumiyyətlə, Qarabağ münaqişəsinin tarixində ən qanlı və ən böyük itkilərlə müşayiət ediləcək miqyasda olacaq. Sözsüz ki, biz buna həm hazır olmalıyıq, həm də son dərəcə diqqətli və ehtiyatlı tərpənməliyik”.
Hərbi ekspert dedi ki, düşmənin son təxribatları gözlənilən idi: “Bizdə məlumat var ki, Ermənistan ordusuna bütün cəbhə boyunca aktiv fəallaşma ilə bağlı göstəriş verilib. Düşmən ordusu cəbhə xəttində snayperlərin sayını artırıb. Həmçinin kəşfiyyat-diversiya xarakterli çox amansız başkəsənlərini hazır vəziyyətə gətiriblər. Bu məlumatları açıqlamaqda məqsədim heç də panika yaratmaq deyil, əksinə, ehtiyat tədbirlərini gücləndirməyi zəruri sayıram. Düşmən tərəf vəziyyəti gərginləşdirmək istəyir”.
Elə bu yazı hazırlanarkən düşmən ordusunun işğal olunmuş ərazilərdə növbəti hərbi təlimlər keçirdiyi, mərmi səslərinin Tərtər sakinləri tərəfindən aydın eşidildiyi barədə xəbərlər aldıq. Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb. Bu barədə isə Femida.az xəbər yayıb. Məlumata görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir. Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.
Görünür, apreldəki itkilər Ermənistana dərs olmayıb və ordunun yeni rəhbərliyinin də qulağını yaxşıca burmaq lazım gələcək.. MUSAVAT.COM
Şərhlər