“ABŞ-Rusiya anlaşması tezliklə mümkün olmayacaq”

10.10.2016 09:59     Siyasi reaksiya     948

Qabil Hüseynli: “Kremlin Bəşər Əsəd rejimini müdafiə etməsi münasibətlərin nizama salınmasına imkan vermir”

 

Dünya gücləri hesab olunan ABŞ və Rusiya arasında illərdir ki, gərginlik bitmir. Buna səbəb müxtəlif hadisələr olsa da, nəticə dəyişməzdir. Belə ki, son dövrlər iki ölkə arasında gərginlik yaradan əsas səbəblər Rusiyanın Şərqi Ukraynadakı fəaliyyəti və Suriyada Bəşər Əsədə olan münasibətdir.  Xüsusilə də Suriya məsələsində dəfələrlə iki ölkə arasında danışıqlar aparılsa da, razılıq əldə olunmayıb. 
 
Politoloq Qabil Hüseynliyə görə, iki dövlət arasındakı gərginliyin yaxın gələcəkdə başa çatacağını proqnozlaşdırmaq çətindir: “Çünki Rusiya elə bir mövqe sərgiləyir ki, bu, başda Amerika olmaqla, Qərb dünyasını açıq qarşıdurmaya təhrik edir. Misal üçün, Gürcüstan, Ukrayna hadisələrini buna misal kimi göstərmək olar. Bütün bunların ardınca Suriya məsələsi münasibətlərin gərginləşməsində zirvə nöqtəsi oldu. Çünki bu, təkcə Suriyada hakimiyyət, yaxud da hansısa digər bir strateji maraqla bağlı deyil. Suriya məsələsi qaçqın və miqrant axını, Avropada yaranan dəyərlərin təhlükə qarşısında qalması ilə bağlıdır. Son dövrdə  Rusiya Suriyada dinc əhaliyə qarşı sözün həqiqi mənasında çox ciddi və təhlükəli siyasət aparır. Bu siyasət yüzlərlə və bəzən də minlərlə insanın tələfatı ilə nəticələnir. Bu baxımdan da Amerika Rusiyanın bu kimi hərəkətlərini barbarlıq kimi dəyərləndirir. Onun beynəlxalq tribunala verilməsini tələb edir. Artıq Avropa dövlətləri də Rusiyanın beynəlxalq tribunala verilməsi məsələsində Amerikanın mövqeyi ilə razılaşır. Belə hesab edirəm ki, tribunal tərəfindən faktlar toplanılıb araşdırılarsa, heç də Rusiya üçün xoş olmayan bir qərar çıxa bilər. Bu isə  Rusiyanı daha da qızışdırar”.
 
Politoloq bir aydan çoxdur Rusiyada nüvə hücumuna qarşı əhali üçün təlim keçirildiyinə də diqqət çəkdi: “Bu təlimlərdə minlərlə adam iştirak edir, yeni sığınacaqlar tikilir. Bir sözlə, Rusiya sanki nüvə hücumu ilə üzləşəcəkmiş kimi, ciddi hazırlıqlar görür. ABŞ isə son zamanlar nüvə silahlarının daha təkmil variantlarını sınaqdan keçirir. Açığını demək lazımdır ki, ”bu qarşıdurmada dünya külə çevrilə bilər" kimi fikirlər səslənilsə də, hesab edirəm Amerika o qədər güclü silahlara malikdir ki, Rusiyanın hərbi texniki imkanları müharibədə ABŞ-ın gücü qarşısında acizdir. Bəşəriyyət yeni dünya müharibəsini istəmir. Elə rusların özləri də bunun əleyhinədirlər. Sadəcə olaraq, siyasilər meydanı qızışdırır. Bu təhrikçi rolda Rusiyanın siyasi elitası daha fəaldır. Vaxtilə  “Karib böhranı” ərəfəsində SSRİ daha güclü idi və Amerika ilə, demək olar ki, bərabər qüvvələr potensialına malik idi. Lakin o zaman ortaq məxrəcə gəldilər və “Karib böhranı” sovuşduruldu. İndi isə inanmıram ki, qüvvələr nisbətinin kəskin şəkildə ABŞ və NATO-nun xeyrinə olduğu bir dönəmdə Rusiya açıq  qarşıdurmaya və yeni dünya müharibəsinə getsin. Bu Rusiya üçün tamamilə fəlakət ola bilər. Təbii ki, heç Amerika üçün də bunun nəticələri yaxşı olmaz. Ancaq hər halda daha çox itirən tərəf bəşər sivilizasiyası və Rusiya ola bilər".
 
Q.Hüseylinin sözlərinə görə, Amerika əslində Suriyada da “Ərəb baharı”nın davamı kimi nəsə başlatmaq istəyib: “Ancaq bunu sona qədər çatdırmağa  resursları və deyərdim ki, səbri çatmadı. Türkiyə də Suriya məsələsində təbii ki, müəyyən rol oynayırdı. Amerikanın Suriyadan istədiyi, orada ədalətli  rejimin qurulmasıdır. Hər halda öz açıqlamalarında bu cür bildirirlər. Ümumiyyətlə, Suriyada baş verənlərə görə bütün günahı Amerikanın üzərinə yıxmaq çətindir. Çünki bölgə dövlətlərinin özü Amerikadan daha fəal idilər. Amerika əgər Bəşər Əsədi yıxmaq istəsəydi, elə ilk gündən ora quru qoşunlarını yeridərdi. Sadəcə, bir koalisiya formalaşdırdı və havadan zərbələr endirməyə üstünlük verdi. Bunun ardınca isə Rusiyanın prosesə girərək birbaşa olaraq Bəşər Əsədi müdafiə etməsi, siyasi kompromislər üçün yer qoyumaması Suriyanın bir dövlət kimi darmadağın edilməsinə gətirib çıxardı. Suriyada  sözün həqiqi mənasında bəşəri fəlakət yaşanır. Rusiya və ABŞ-dan başqa yerli dövlətlərin özü də Suriyanın indiki vəziyyətə düşməsində az rol oynamadılar. Bütün bunlar az qala, yeni dünya müharibəsinə gətirib çıxaran detonator rolunu oynamaqdadır. Bəşəriyyətdə əgər bu proseslərin üzərində sağlam təfəkkür qələbə çalarsa, sözsüz ki, prosesləri nəzarət altına almaq mümkün olacaq. İndi şəraitdə iki dövlətin rəqabəti və Rusiyanın da həddindən artıq Bəşər Əsəd rejimini müdafiə etməsi münasibətlərin nizama salınmasına imkan vermir”.
 
 

Şərhlər

Çox oxunanlar