Müstəqillik Günü təntənəli qeyd olunacaq

13.10.2016 08:25     Siyasi reaksiya     1977

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın müstəqillik tarixinə də geniş yer verilib: “Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. 
 
Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.
 
Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir",-deyə, sərəncamda bildirilib.
 
Qeyd edək ki, artıq müstəqilliyimizin 25-ci il dönümü ilə bağlı ölkə ərazisində müxtəlif tədbir və konfranslar keçirilməkdədir.  
 
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, 25-ci il dönümlə əlaqədar müxtəlif səpkidə tədbirlər keçiriləcək: “Tədbirlər həm bölgələrdə, həm də paytaxtda baş tutacaq. Bununla bağlı dövlət proqramı var. Biz də dövlət proqramına uyğun olaraq tədbirlərimizi keçirəcəyik”.
 
Oktyabrın 17-də saat 15:00-da “Park İnn” hotelinin konfrans zalında istiqlalçı deputatlar dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı tədbir keçirəcəklər.
 
“Yeni Müsavat”a  danışan istiqlalçı deputat Fərəc Quliyev bir sıra problemlərə də toxunub. O  bildirib ki, müstəqilliyimizlə bağlı məsələyə bir qədər də ciddi yanaşılmalıdır: “Müstəqillik aktına imza atan insanların bir çoxlarının vəziyyətləri pisdir. Ya xəstəlikləri var, yaxud da digər bu kimi problemlərdən əziyyət çəkirlər. Təklif etmişdik ki, onlara kömək edilsin, imtiyazlar verilsin. Bir çox ölkələrdə bu kimi şəxslər üçün xüsusi imkanlar müəyyən olunub. Onlara təltiflər olunub. Hətta bəzi ölkələrin parlamentlərində səsvermə hüquqları olmasa da iştirak edib, təkliflər verirlər. Məncə, bizdə də məsələyə bu cür yanaşılmalıdır. Bizim bir qismimiz parlamentdə təmsil olunuruq. Ancaq bir çox istiqlalçı  deputatların vəziyyəti gerçəkdən də çox pisdir. Çox arzu edirəm ki, onlara da diqqət edilsin. İkinci bir tərəfdən, o dönəmin tarixinin daha ciddi araşdırılması, həmin zamanda baş verən hadisələrin daha yaxşı işıqlandırılması, tədbirlərin görülməsi çox vacib şərtdir. Məncə, cəmiyyətdə barış üçün istiqlalçı deputatların imkanlarından istifadə etməyə dəyər”.
 
Deputat bildirib ki, Müstəqillik Gününü çox təntənəli şəkildə qeyd etmək, əhəmiyyətli hadisəyə çevirmək lazımdır: “Məncə, bu gün bizdə layiq olduğu səviyyədə qeyd olunmur. Ancaq bütün dövlət başçıları ölkə başçısını və onun timsalında dövləti  məhz Müstəqillik Günündə təbrik edirlər. Ölkənin bundan gözəl günü ola bilməz. Dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda müstəqillik bir günün içində meydana gəlmir. Bu tarixi bir hadisədir və əlbəttə, Azərbaycan da müstəqilliyini qazanandan sonra çox keşməkeşli dövr yaşadı.  Müstəqilliyin tarixi olur, bir zamanda bu, qeyd olunur. Ancaq müstəqilliyin qorunma tarixi olmur. Bu, əbədi olaraq qorunmalıdır. Eyni zamanda ərazi bütövlüyünü, atributları da qorumaq lazımdır. Çox təəssüf ki, biz indiyə qədər ərazimizin 20 faizinin müstəqilliyini təmin edə bilməmişik. Hesab edirəm ki, müstəqillik qazandıqdan sonra BMT-nin tanıdığı ərazilər daxilində  beynəlxalq güclərin də ölkəmizin ərazi bütövlüyünün təminatında ciddi səyləri yoxdur. İndiki vəziyyətlə də biz təbii ki, razılaşa bilmərik. Ümumilikdə götürəndə isə ölkəmiz ötən dövr ərzində özünün elementlərini ortaya qoya bilib. Bu gün bizim güclü ordumuz, iqtisadiyyatımız var”.
 
 

Şərhlər

Çox oxunanlar