Yeni konstitusiya dövründən gözləntilər - növbədənkənar seçkilər, kadr islahatları..
13.10.2016 08:31 Siyasi reaksiya 1323
Müxalifət düşərgəsinin də gözləntisi yeni prezident və parlament seçkilərinin keçirilməsi, idarəetmədə dəyişikliklərin olacağıdır
Konstitusiyaya edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən oktyabrın 11-də təsdiqləndikdən sonra ölkə yeni dəyişiklik edilmiş konstitusiya dövrünə daxil olub. Yeni konstitusiyanın tələbələrinə görə, hakimiyyət idarəçiliyi sistemində vitse-prezidentlik institutu tətbiq ediləcək. Ölkədə rəsmi ikinci şəxs bundan sonra baş nazir yox, birinci vitse-prezident olacaq. Vitse-prezidentlərin isə sayının iki olacağı deyilir. Birinci vitse-prezidenti və vitse-prezidentləri ölkə prezidenti təyin etməlidir.
Son məlumatlara görə, növbədənkənar prezident seçkilərinə gediləcəyi halda böyük ehtimalla vitse-prezidentlərin təyinatı məhz seçkilərdən sonra həyata keçirilə bilər. Referendum təyin ediləndən sonra vitse-prezident vəzifələrinə, əsasən də birinci vitse-prezident postuna kimin təyin ediləcəyi barədə mediada müxtəlif informasiyalar, versiya və ehtimallar irəli sürülməkdədir. İndiyə qədər daha çox adı hallanan şəxslər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimovun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və baş nazir Artur Rasi-Zadənin adı birinci vitse-prezident vəzifəsinə namizəd olaraq mediada çəkilib.
Yeni başlanan dövrdə kadr islahatlarının da olacağı iddia edilir. Vitse-prezidentlik institutunun yaradılması ilə bəzi nazirlərin vəzifəsindən gedəcəyi barədə də iddialar güclənir. Vitse-prezidentlik institutunun təsis olunması ilə bir sıra köklü dəyişikliklər olacağı da gözlənilir.
Açıqlamalarda və məlumatlarda qeyd edilir ki, bu ilin sonuna kimi ölkə idarəetməsində inqilabi səviyyədə dəyişikliklər, islahatların şahidi olacağıq.
İqtisadi və siyasi islahatlar yeni prezident seçkilərini də gündəmə gətirib. Məlumdur ki, yeni konstitusiya dəyişikliyi ilə vitse-prezident, birinci vitse-prezident institutu təsis olunub və bu, yeni bir situasiya yaradıb. Azərbaycanda növbəti prezident seçkilərinə təxminən iki il müddət qalır. Parlament seçkiləri isə bir il öncə keçirilib. Lakin konstitusiyadakı yeni dəyişikliklər prezidentə yeni prezident və parlament seçkilərinin keçirilməsi barədə sərəncam vermək səlahiyyəti verir. Xəbərlərdə bildirilir ki, növbədənkənar prezident seçkilərinin bu ilin dekabrında, parlament seçkilərinin isə gələn ilin martında, yaxud hər iki seçkinin dekabrda eyni gündə keçirilməsi istisna deyil.
Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, vitse-prezidentlərdən biri Qarabağla məşğul olmalıdır. Bu, beynəlxalq aləmdə Azərbaycan üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, vitse-prezidentlik statusunun dövlət başçısı ölkədə olmadıqda onu əvəz etməsi həm də maraqlı məsələdir. Vahid Əhmədov Nazirlər Kabinetinin saxlanılıb-saxlanılmaması məsələsinə də toxunub: “Nazirlər Kabinetinin saxlanması doğru addımdır. Çünki bu, işlək orqandır. Ola bilər ki, vitse-prezidentlik statusundan 5 il sonra Nazirlər Kabineti buraxılsın. Hər halda, hər şey vitse-prezidentlik institutundan asılı olacaq. Artıq Azərbaycanda ciddi islahatlara start verilib. İqtisadi, struktur islahatları ilə bağlı ciddi işlər gedir. Eyni zamanda kadr islahatları da aparılmalıdır. Kadr islahatlarının aparılması çox ağır və çətin məsələ olduğundan prezident qərar verib ki, referendum yolu ilə belə bir institut yaradılsın və müəyyən dəyişikliklər edilsin. Əsas odur ki, yeni kadrlar cəmiyyət tərəfindən qəbul edilsin. Digər gözləntilərə gəlincə, baş nazirin müavinlərinin sayı azaldılmalıdır. Baş nazirin 6 müavinə ehtiyacı yoxdur. Ola bilər ki, müavinlərin sayı azaldılsın. Ola bilər ki, müavinlərin səlahiyyətləri vitse-prezidentlərə verilsin. Ümumiyyətlə, Nazirlər Kabinetinin strukturu dəyişilməlidir. Çünki o, sovet vaxtında qurulmuş strukturdur. Struktur yenidən işlənməli, müasir tələblərə, indiki dövrə, bazar iqtisadiyyatına uyğun, çevik islahatlar aparan qurum yaradılmalıdır”.
Müxalifət düşərgəsinin də gözlənitisi yeni prezident və parlament seçkilərinin keçirilməsi, idarəetmədə dəyişikliklərin olacağıdır.
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, bundan sonra gözləntiləri ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir: “Bir halda ki, yeni konstitusiya qüvvəyə minib və orada ölkənin köhnə qaydalarla müəyyən müddətə idarə olunması ilə bağlı heç bir keçid müddəaları yoxdur, onda yeni konstitusiya ilə ölkə idarə olunması üçün prezident və parlament seçkilərinin keçirilməsi labüddür. Bunu həm konstitusiya, həm də bu konstitusiya dəyişikliklərini hakimiyyət üçün zərurətə çevirən hallar diktə edir. Bu baxımdan, növbəti mərhələdə partiya olaraq gözləntilərimiz bundan ibarətdir”.
AG Partiyanın sədri Tural Abbaslı isə dedi ki, əgər hakimiyyət məlum tələskənliklə konstitusiya dəyişikliyinə getdisə, deməli, bundan sonra planda növbədənkənar prezident və parlament seçkiləri dayanır: “Biz növbədənkənar seçkilərə gediləcəyini gözləyirik. Partiya olaraq keçiriləcək seçkilərdə iştiraka hazırlaşacağıq. Hakimiyyət klassik müxalifətin passivliyindən və zəifliyindən istifadə edəcək və ənənəvi formada prezident seçkisi keçirəcək, 7 illiyə iqtidarda qalmağı təmin edəcək. Bu dəyişikliklərin idarəetmədə dəyişikliklərə gətirib çıxaracağını, dəyişikliklərin müsbət, yoxsa mənfi effekt verəcəyini isə yaxın zamanlarda biləcəyik. Gözləntimiz budur ki, yaxın günlərdə növbədənkənar prezident və ola bilsin parlament seçkiləri təyin ediləcək. İlkin fikrimiz budur ki, seçkidə iştirak edək. Bu, AG Partiyanın iştirak etdiyi ilk seçki olacaq”.
Şərhlər