Deputatlar şəhid ailələrinə görə icra başçılarını tənqid etdilər

14.10.2016 13:54     Siyasi reaksiya     1012

Elman Məmmədov: “Biz nəyə görə Xocalıya “Soyqırıma məruz qalmış şəhər” vermirik?” 

 

Milli Məclisin plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi müzakirə olunub. Deputat Fərəc Quliyev tək övladların ya hərbi xidmətdən azad edilməsini, ya da arxa cəbhədə qulluq etməsini təklif etdi. Deputat Tahir Rzayev dedi ki, şəhid ailələrinə qayğı, diqqət ancaq dövlətin vəzifəsi olmamalıdır: “Hər bir imkanlı iş adamı, sahibkar şəhid ailələrinə qayğı göstərməlidir”. 
 
Deputat Tahir Kərimli dövlət müstəqilliyinin 25 illiyi münasibətilə xalqı təbrik etdi. Müstəqillik Aktına səs verən deputat olaraq səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə ünvanıma çoxsaylı qınaqlar səslənir: “Ən böyük arzumuz odur ki, bütün problemlər həll olunsun və bizə qarşı qınaqlara da son qoyulsun”.  
 
T.Kərimli şəhid ailələrinin durumundan bəhs etdi: “Mən özüm də şəhid dayısıyam, bir bacım oğlu şəhid olub, digər bacım oğlu da müharibə əlilidir, ona görə də vəziyyət mənə yaxşı tanışdır. Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb. Bu insanların mənzillə təmin olunması üçün 272 min 550 min manat vəsait lazımdır. Ancaq indiyədək cəmi 40 milyon pul ayrılıb. Bu iş də 2018-ci ildə başa çatmalıdır. Prezidentin sərəncamı yerinə yetirilməyəcək hala düşüb. Demirəm ki, kimlərsə bilə-bilə prezidentin sərəncamını pozur, ola bilsin ki, yaddan çıxıb”.
 
Deputat Əflatun Amaşov dedi ki, şəhid olan şəxslərə görə ayrılan müavinət çox azdır və bu vəsait artırılmalıdır.
 
Aydın Mirzəzadə dedi ki, ola bilsin nə vaxtsa şəhid ailələrinə verilən 10 min manatlıq müavinət böyük pul idi, ancaq bu gün bu, elə də böyük vəsait deyil: “Ona görə də şəhid ailələrinə verilən müavinəti 10 dəfə artırıb 100 min manata çatdırmaq lazımdır. Bizim il ərzində şəhidimiz çox olmur. Ona görə də dövlət üçün, müstəqilliyimiz, ərazi bütövlüyümüz üçün canını qoymuş insanlarımıza dəyər verməliyik. Xahiş edirəm həmkarlarımız da bu təklifi dəstəkləsin və hökumət də büdcə müzakirələrinə bu təkliflə gəlsin”.
 
Adil Əliyev aprel ayında çoxsaylı şəhidlər verdiyimizi, ancaq şəhid ailələrinin heç bir əziyyət çəkmədiyini dedi. Bununla belə, o, əlavə etdi ki, şəhidlərə görə verilən müavinətlər narazılıq doğurur. Həmçinin bəzi rayon icra hakimiyyəti rəhbərləri şəhid aillərinə əziyyət verir, hətta onları qəbul etmirlər. Ona görə də şəhid ailələrinə bütün həyatı boyu qayğı göstərilməlidir”.
 
Deputat Sədaqət Vəliyeva da bəzi rəhbər şəxslərin şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı laqeydlik göstərməsindən danışdı və belə hallara etiraz etdi.
 
Deputat Musa Qasımlı təklif olunan dəyişiklikləri təqdir etdi və mətbuatda geniş təbliğ olunmasını zəruri saydı.
 
Deputat Elman Məmmədov bəzi anlaşılmazlığın olduğunu bildirdi: “Belə çıxır ki, şəhid övladı əgər təhsil alırsa, 23 yaşına qədər şəhid övladı statusuna layiq görülür, təhsil almırsa, 18 yaşına qədər bu status verilir. Bu, düzgün deyil, o şəhid balasıdır. Şəhid övladı təkcə dövlət ali məktəblərində yox, bütün təhsil müəssisələrində təhsil haqqından azad olunmalıdır. Bizim bu qanunlara görə artıq şəhid ailəsi statusunu itiriblər, ona görə də həmişə bu ailələr narazıdır”. E.Məmmədov digər məsələyə də toxundu: “Prezident həmişə şəhidlərə böyük diqqət göstərir, amma yerlərdə laqeydlik çoxdur. Xocalı şəhidlərinin məzarı da işğal altındadır, Ağdamda. 12 şəhid məzarı Şəhidlər Xiyabanında, 50 məzar da ayrı-ayrı rayonlardadır. Həmin məzarların üstü 1992-ci ildə primitiv qaydada götürülüb, bu gün diqqətdən kənarda qalıb. Rayon rəhbərləri bu məzarların bərpasına baxmır.  Hansı ki, biz dəfələrlə müraciət etmişik, faydasını görmürük”. Deputat Xocalı soyqırımına məruz qalan insanlara müəyyən imtiyazların verilməsini, bununla bağlı yeni qanunların qəbulunu zəruri saydı. “Biz nəyə görə indiyə qədər Xocalıya “Soyqırıma məruz qalmış şəhər”, ya sakinlərə “Soyqırıma məruz qalmış şəxs” statusu vermirik?”
 
 Deputat Siyavuş Novruzov müharibə veteranları ilə bağlı dəqiqləşdirmə aparılmasını istədi: “Elələri var, döyüşüb, amma veteran vəsiqəsi ala bilmir, amma eləsi də var ki, heç döyüş bölgəsinə yaxınlaşmayıb, amma veteran kimi imtiyazlara sahibdir. Bu istiqamətdə dəqiqləşmə olmalıdır ki, hər kəs haqqını ala bilsin”.
 
Deputat Fuad Muradov Xocalıdan olan, ata-anası olmayan 26 gənclə bağlı gördüyü işlərə görə Heydər Əliyev Fonduna təşəkkür etdi. Əlavə etdi ki, bu gənclərlə bağlı növbəti addımlara, onların statusu ilə bağlı təşəbbüsə ehtiyac var.Musavat.com
 
 
 

 

Şərhlər

Çox oxunanlar