Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?

15.10.2016 11:05     Siyasi reaksiya     1042

Azərbaycanda “camaat əməliyyatları” mövzusunda son durum

 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl mediada Türkiyədən Azərbaycana FETÖ üzvü şəxslərin siyahısının göndərilməsi xəbərləri yayıldı. Məlumatda qeyd olunurdu ki, Türkiyə baş nazirinin Azərbaycandakı FETÖ üzvlərinin ifşa olunması ilə bağlı məktubu Türkiyəyə yardım aparan Şeyxülislam Hacı Allahşükür Paşazadə vasitəsilə çatdırılıb. QMİ sədrinin də Türkiyədə olarkən FETÖ şəbəkəsi ilə mübarizəni davam etdirəcəklərini xüsusi vurğu ilə bəyan etməsi bununla bağlı olub.
 
Cebhe.info saytının yaydığı məlumata görə, məktubda adı “Hizmət” hərəkatına bağlı olduğu deyilən şəxslərin böyük əksəriyyəti Milli Məclisin deputatlarıdır. Onların sayının kifayət qədər çox olduğu və növbəti seçkilərdə mandatlarını itirəcəkləri qeyd olunur. 
 
Ancaq iki gün əvvəl mətbuata açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu məlumatı təkzib edib. Yeri gəlmişkən, Mübariz Qurbanlı da iki gün əvvəl İstanbulda keçirilən beynəlxalq dini konfransda iştirak edib. Komitə sədri deyib ki, bu məlumat ilk dəfə qonşu ölkə mediasında yayılıb və səhihliyi şübhə doğurur. 
 
Sitat: “Türkiyədə yüzlərlə media var, yayılan məlumatlar barədə diqqətli olmalıyıq. Bizim üçün Türkiyə rəsmi qurumlarının və rəsmi qəzetlərinin yaydığı məlumatlar əsasdır. FETÖ-çülərin Azərbaycanda uzantıları ola bilər, bununla bağlı işlər gedir. Müəyyən ədəbiyyatlar və disklər yayan adamlar saxlanılıb. Bununla bağlı hüquq-mühafizə orqanları işlərini davam etdirirlər. FETÖ-çülərlə əlaqədar lazımi araşdırma apardıqdan sonra danışmaq lazımdır. Mən Türkiyənin Azərbaycana siyahı təqdim etməsi barədə bilgiyə malik deyiləm”.
 
Qeyd edək ki, Azərbaycanda FETÖ tərəfdarlarına qarşı əməliyyatların olacağı ilə bağlı məlumatlar hələ üç il əvvəl, Türkiyədə 17-25 dekabr proseslərindən sonra gündəmə gəlib. Hətta o zaman bir sıra vəzifəli şəxsləri də bu ittihamla işdən çıxardılar. Həmin vaxt Türkiyənin Azərbaycana siyahı göndərdiyi haqda məlumatlar dolaşsa da, sonradan bu məlumat təsdiq və ya təkzib olunmadı. 
 
İndi isə yenidən siyahı gündəmə gəlib. Üstəlik, məlumdur ki, Türkiyə hakimiyyəti ölkə ərazisində olduğu kimi, xaricdəki “gülən camaatı”na qarşı əməliyyatların aparılmasında israrlıdır. Türkiyə prezidentinin BMT tribunasından dünyaya FETÖ təhlükəsi xəbərdarlığı etməsi, rəsmi şəkildə ABŞ-dan Gülənin tələb edilməsi, Türkiyədə Ali Təhsil Təşkilatının xaricdəki Gülən məktəblərini bitirmiş şəxslərin diplom və attestatlarını tanımaması, bu məktəbləri bitirənlərin Türkiyədən ali məktəbə qəbulunu qadağan etməsi, bundan başqa, Qırğızıstan, eləcə də bir sıra Afrika ölkələrinə Gülən məktəblərini bağlamaqla bağlı tələb göndərməsi Ankaranın niyyətinin ciddi olmasından xəbər verir. Ankara açıq şəkildə Bakıya hələ ki belə bir çağırış etməyibsə də, Azərbaycan daxili işlər nazirinin Ankaraya səfəri zamanı səsləndirdiyi fikirlər, Türkiyə rəsmilərinin Azərbaycan hökumətinin FETÖ-yə qarşı mübarizəsindən məmnunluq doğuran açıqlamaları onu göstərir ki, Bakı ilə bu istiqamətdə danışıqlar olub. Sadəcə, mediaya açıqlanmır. 
 
O da var ki, Ankara rəsmi və qeyri-rəsmi mənbələr vasitəsilə F.Gülən camaatının ən güclü təşkilatlandığı ikinci ölkənin Azərbaycan olduğunu bir neçə dəfə bəyan edib. Eyni zamanda Türkiyə mediası Azərbaycandakı FETÖ qruplaşmasına xüsusi diqqət ayırıb, Bakıya çəkiliş qrupu ezam edib. Bundan çıxış etsək, o zaman Ankaranın Bakıya hansısa siyahı və ya adlar verməsi inandırıcı görünür. Baxmayaraq ki, M.Qurbanlı siyahı söhbətini inkar edir. 
 
Mümkündür ki, M.Qurbanlı həqiqətən də belə bir siyahının mövcudluğundan xəbərsizdir. Yaxud da onunla birbaşa əlaqəsi olmadığı üçün rahat şəkildə iddianı təkzib edir, özü də dolayı yolla, yəni medianın rəsmi olmaması arqumenti ilə. Hər kəsə aydın məsələdir ki, hər nə qədər dini qrup və ya camaat adlandırılsa da, F.Gülən camaatı artıq çox illər öncədən dini icma olmaqdan çıxaraq gizli təşkilat kimi fəaliyyət göstərirdi. Yəni indi necə deyərlər, F.Gülənə qarşı mübarizədə Dini Komitənin və ya başqa bir dini qurumun o qədər də rolu yoxdur və ya ola bilməz. Çünki söhbət dövlətin az qala bütün orqanlarına yerləşmiş gizli şəbəkədən gedir. Yeri gəlmişkən, rəsmi məlumata görə, F.Gülən camaatının Azərbaycanda hətta qeydiyyatdan keçmiş icması belə olmayıb, hansısa məscid və ya dini ibadət evi açmayıb, dini təhsil mərkəzi qurmayıb. 
 
Bu camaat daha çox dünyəvi təhsil mərkəzləri (orta məktəb, lisey, universitet, yataqxana və sair - K.R.) quraraq orda öz fəaliyyətlərini həyata keçirməklə tanınıb. Camaatın hansısa dini təbliğatı olubsa da, bu təbliğatlar məscidlərdə və ya dini icmalarda deyil, adları qeyd olunan təhsil mərkəzləri, yataqxana və media quruluşlarında aparılıb. Bu mənada Azərbaycanda FETÖ-yə qarşı aparılacaq əməliyyatların məscidlərdə və ya hansısa dini icmada baş verməsi mümkün deyil. Bu iş daha çox hüquq-mühafizə orqanları, təhsil və digər strateji dövlət qurumları vasitəsilə aparılacaq. Bu səbəbdən də indi açıqlamanı dini qurumlardan deyil, daha çox siyasi və hüquq-mühafizə orqanları rəhbərlərindən gözləmək lazımdır. Çünki bir siyahı varsa da o, artıq dini icmalar və ya din xadimləri ilə bağlı deyil, böyük ölçüdə.
 
 

Şərhlər

Çox oxunanlar