"ABŞ-Rusiya gərginliyi Yaxın Şərqdə müharibənin daha da şiddətlənməsinə gətirəcək"
17.10.2016 08:53 Siyasi reaksiya 1275
Toğrul İsmayıl: “Mosul əməliyyatının başlaması artıq ABŞ-ın aktiv şəkildə bölgədə fəaliyyətə başladığını göstərir, ancaq birbaşa qarşıdurma real deyil”
ABŞ və Rusiya arasında son illərdə soyuqlaşan münasibətlər axırıncı həftələrdə Suriyadakı vəziyyəti daha da gərginləşdirdi. Əslində Ukraynadan sonra ABŞ və Rusiyanın Suriyada qarşı-qarşıya gələcəyi əvvəldən məlum idi, ancaq Moskvanın qəti addımları və terrora qarşı birbaşa müdaxiləsi bu prosesi bir qədər ləngitdi.
Lakin son olaraq Suriyanın şimalında Rusiya və ABŞ-ın maraqları birbaşa toqquşdu. Çünki hər kəsə məlumdur ki, kiçik istisnaları çıxmaq şərtilə, faktiki olaraq, Suriyada ABŞ və Rusiya arasında “vəkalət savaşı” gedir. Rusiya Bəşər Əsəd hökumətini və ona dəstək verən qüvvələri müdafiə edir. ABŞ isə Suriyada Türkiyə ilə birlikdə Əsədə qarşı savaşan qrupları dəstəkləyir. Yəni faktiki olaraq tərəflər dəstəkçiləri vasitəsilə savaşırlar. Son olaraq rusların Hələbi bombalaması və Suriyanın şimalında kürdlərə qarşı əməliyyat keçirmək üçün Türkiyə ilə anlaşması ortadakı gərginliyi daha da artırdı. Rusiya ilə anlaşan Türkiyə avqustun 24-də Suriyanın şimalına daxil olaraq İŞİD və YPG-yə qarşı əməliyyatlara başladı. Hansı ki, ABŞ açıq şəkildə YPG-ni dəstəkləyir.
Məhz olayların bu şəkli almasından sonra ABŞ aviasiyası Deyr əz-Zor yaxınlığında içərisində Rusiya kəşfiyyatının önəmli şəxslərinin də olduğu Suriya hərbi birliyini bombaladı, 64 hərbçi öldü, 200 nəfər isə yaralandı. Bu hadisə iki ölkə arasında Suriyadakı əməkdaşlığa ciddi zərbə oldu və bundan sonra faktiki olaraq Suriyada ABŞ-Rusiya əməkdaşlığı dayandı.
Şənbə günü İsveçrənin Lozanna şəhərində ABŞ, Rusiya, Türkiyə və region ölkələrinin qatıldığı toplantıda da Suriya mövzusunda ortaq bir mövqeyə gəlmək mümkün olmadı. Ancaq yenə şənbə günü ABŞ Prezidenti yanında toplanan Milli Təhlükəsizlik Şurasının toplantısında Suriya münaqişəsinin həlli istiqamətində danışıqların davam etdirilməsi qərara alınıb. Bununla da gözlənilən Suriyaya hərbi müdaxilə qərarı alınmayıb. Bu vəziyyət ABŞ prezidenti Obamanın “gedər ayaq” yeni bir gərginlik ocağı yaratmaması istəyi ilə yanaşı, Rusiya ilə toqquşma riskinin azalması mənasındadır.
Ancaq bununla belə, hazırda Moskva-Vaşinqton xəttində gərginlik qalır. Rus hakerlərin ABŞ hökumətinə məxsus gizli yazışmaları ələ keçirib yaymasından sonra indi də Vaşinqtonun analoji cavab verməyə hazırlaşdığı məlum olub. Məlum olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Rusiyaya qarşı kiberhücuma hazırlaşır. Hücumun əsas səbəbi rusların ABŞ Demokrat Partiyasının gizli məlumatlarının rus hakerlər tərəfindən ələ keçirilərək yayılmasıdır. Analoji cavab Rusiyaya veriləcək - təbii ki, Obamanın son qərarından sonra. Ağ Ev sözçüsü də Vaşinqtonun Moskvaya məhdud “cavab zərbəsi” endirəcəyini bildirib. Ancaq bu cür qarşılıqlı zərbələr iki ölkə arasında gərginliyi daha da artıracaq. Və bu səbəbdən də son zamanlar dünya mediasında iki nəhəngin qarşı-qarşıya gələcəyi ilə bağlı fikirlər artmağa başlayıb.
Siyasi analitik, TOBB Ekonomi və Teknik Universitetinin dosenti Toğrul İsmayılın fikrincə, ABŞ və Rusiya arasında xüsusən də Yaxın Şərqdə qarşıdurma vəziyyəti davam edəcək.
Ancaq ekspert birbaşa qarşıdurmanın real olmadığını, daha çox dəstək qüvvələr vasitəsilə qarşıdurma olacağını düşünür: “Görünən odur ki, Amerika Rusiyanın Yaxın Şərqdə, xüsusilə də Suriyadakı varlığını öz siyasətinə təhdid olaraq görür. Amerika bunu artıq açıq şəkildə ortaya qoymağa başlayıb. Bu mənada bölgədə və iki ölkə arasında münasibətlərdə vəziyyət olduqca gərgindir”.
Ekspertə görə, iki ölkə arasında anlaşma əldə olunmayacağı təqdirdə bölgədə “vəkalət savaşı” daha da güclənəcək, tərəflər hər biri müttəfiq qüvvələri daha çox dəstəkləməyə başlayacaq: “Lozanna görüşlərinin nəticələri də gözlənilən idi. Ancaq Mosul əməliyyatının başlaması artıq ABŞ-ın aktiv şəkildə bölgədə fəaliyyətə başladığını göstərir. Amerikanın 500 əsgər göndərməsi xəbəri də bunun təsdiqidir. Əgər ABŞ və Rusiya ortaq çıxış yolu tapa bilməsə, aralarında birbaşa toqquşma olmasa da, bölgədəki savaş daha da şiddətlənəcək və tədricən hər iki tərəfin iştirak etdiyi bir savaşa çevriləcək. Ancaq özlərinin qarşı-qarşıya gəlməsi ehtimalı azdır”.
T.İsmayılın fikrincə, ABŞ regionda daha güclü durumda olduğu üçün regional mübarizədə üstünlük hələlik ötən illərdə olduğu kimi, ABŞ-ın tərəfindədir: “Onu da demək lazımdır ki, Rusiyanın mövqeyi bölgədə daha zəifdir. Rusiyanın müttəfiqlərinin özlərinin də fərqli maraqları var və bəzən bunlar üst-üstə düşmür. Bunların hamısının öz maraqları olan güclərdir. Yaxın Şərqdə Rusiyanın əli Amerikaya nisbətdə daha zəifdir”.
Şərhlər