İlham Əliyev: “Ermənistan sülh istəmir”

24.10.2016 23:29     Siyasi reaksiya     1134

“Xorvatiya prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.

Bunu Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra mətbuata bəyanatında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların hazırkı vəziyyəti barədə Xorvatiya prezidentinə məlumat verib: “Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. XüsusənBMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır”.

Prezident xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul edib: “Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu, qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etməsi üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın bu oyuncaq rejimini  tanımır”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar