Ağdamın Abdal-Gülablı kəndində bir gün...

23.07.2015 10:57     Siyasi reaksiya     10500

Şair dostum Qulu Ağsəs Abdal-Gülablıda anadan olub, heç istəməzdim ki, o, bu yazını oxusun, çünki ürəyi çox yuxadı, yoxsa, özündən gedib bizi şairsiz qoyar.

Bu gün Ağdamın ermənilər tərəfindən işğalının 22-ci ildönümüdür.

Ağdamla və işğalda olan digər rayonlarla bağlı bir azərbaycanlı kimi mənim də çoxlu təəssüratım var.

Çünki 1-ci Qarabağ savaşı zamanı Qazaxdan tutmuş Harami düzünədək olan ərazilərimizdə, Naxçıvanın Ermənistanla sərhədində bir çox döyüş səhnələrinin şahidi olmuşam.

Bu gün isə Ağdamın Abdal-Gülablı kəndi haqda danışacam.

O günlər, 1992-ci il may ayının 14-də Ağdamın çətin vaxtlarında mən də "Azərbaycan Ordusu" qəzetinin müxbiri kimi cəbhə bölgələrinə ezam olunmuşdum.

Şuşa artıq ermənilərə "təhvil" verilmişdi, Laçında isə nə baş verdiyindən xəbərimiz yox idi, çünki o vaxtlar ölkənin tək kanalı olan AzTV-də Müdafiə Nazirliyinin rəsmiləri tez-tez efirə çıxıb deyirdilər ki, Şuşa əldən-əldən keçir, Şuşanı heç vaxt ermənilərə verməyəcəyik. Ancaq verdilər...

Şuşa məsələsini saxlayaq sonraya, indi Ağdamdan danışaq. Ağdama nazirliyimizin vertolyotuyla getdim. Uzundərəyə çatanda gördüm ki, burada çoxlu sayda hərbi maşınlar var və elə sandım ki, yəqin cəbhənin bu tərəfindən Şuşanı azad etmək üçün hücuma keçəcəklər. Ağdama yaxın kəndləri keçə-keçə şəhərin özünə çatdıq. Və bu, mənim Ağdam şəhəri ilə ilk və hələlik son görüşüm idi. Sovetlər dönəmindən dillər əzbəri olan Ağdam şəhəri döyüş poliqonuna bənzəyirdi. Ev damlarının çoxu "Qrad" mərmilərinin ucbatından damlara oxşamırdı, sanki Hollivudun döyüş səhnələri üçün dekorasiya olunmuşdu. Yerli sakinlərlə, əsgər və zabitlərlə söhbətimdən sonra gecələmək üçün məni Fred Asifin dəstəsinin yerləşdiyi Ağdam stadionuna apardılar. Orada da öz müxbirlik fəaliyyətimi yetərincə davam etdirib Asif bəylə xeyli "dərdləşməli" oldum. Sonra azca yuxuya getmişdik ki, təxminən gecə saat 4-5 radələrində çöldəki hay-küydən oyanmalı olduq. Kimsə Asif bəyə məlumat verdi ki, ermənilər Abdal-Gülablıya doluşublar. Heç bir dəstə ermənilərə qarşı döyüşməyə getmir, hətta OMON-çular da yaxalarını kənara çəkirlər. Nəhayət, "Cəsur ürək" filmində olduğu kimi döyüşə atılmalı olduq. Fred Asifin "Villis"iylə Bağbanlar kəndini keçib Abdal-Gülablıya yaxınlaşdıq. Elə kəndə 200 metr qalmışdı ki, başımızın üstündən uçan döyüş vertoyotlarımızdan biri bizə qarşı atəş açdı. Və inanın ki, açılan güllələrin heç biri bizə dəymədi, "Villis"in tenti güllə deşiklərilə dolu idi. Asif bəy məni kəndin ayağındakı evin yanında qoyub özü yuxarı sarı dikləndi. Mən isə yerə uzanıb döyüşün qurtaracağını gözlədim.

Onda bilmirəm, həmin gözlənti bir saatmı çəkdi, iki saatmı, dəqiq xatırlaya bilmirəm. Onu xatırlayıram ki, kimsə əlini belimə vurub "erməniləri çıxartdıq kənddən" dedi. Çönüb baxanda Fred Asifi gülümsəyən gördüm. Asif bəyin o gülən gözlərini mən indi də unutmamışam, hətta rəssam olsaydım, onun gözlərinin içindəki çizgilərınə qədər tabloya köçürərdim. Neyləyim ki, Tanrı mənə belə istedad verməyib. Mənə verilən yazmaqdı... Onun da ki, öhdəsindən bir vətəndaş kimi layiqincə gəlirəm. Hər halda, bu, mənim fikrim deyil, yazı-pozudan başı çıxanlar belə deyir.

Abdal-Gülablıdan qayıdanda çönüb kəndı diqqətlə seyr etdim. Bu kənd doğrudan da elə strateji mövqedə dayanmışdı ki, o kəndi alan birbaşa görüntü ilə Ağdamı daima hədəf altına ala bilərdi.

İndi təkcə o kənd deyil, düz Uzundərəyədək bütün ərazilərimiz ermənilərin əlindədir. Biz isə Bakıda oturub bu yazını yazırıq. Fred Asif lap çoxdan haqq dünyasındadır, Allah ona rəhmət eləsin. Bir neçə saat gecələdiyim Ağdam stadionu da öz azarkeşlərini gözləyir. Yəqin xəbəri yoxdur ki, bu gecə "Qarabağ" futbol klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqronun “Rudar” komandasını 1-0 hesabı ilə yenərək 3-cü təsnifat mərhələsinə adlayıb.

P.S. Şair Qulu Ağsəs yəqin kəndlərindən ötrü çox darıxıb, elə darıxdığına görə də bilmir ki, bu dünyada neyləsin, azsınmı, ölsünmü, yoxsa olsunmu?...

Bizə isə nə azmaq, nə də ölmək lazımdır. Bizə olmaq lazımdır, özü də lap güclüsündən. Bəlkə bu halda torpaqlarımızı geri ala bilərik...

 

Şərhlər

Çox oxunanlar