Prezident İlham Əliyev: Azərbaycan ilə Albaniya arasında yaxşı siyasi əlaqələr mövcuddur
05.11.2016 17:36 Siyasi reaksiya 1144
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Albaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.
Səfir Genti Qazheli fəxri qarovul dəstəsinin qarşısından keçib. Genti Qazheli etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələr arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğulayıb. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu səfərlərin əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu deyib. İkitərəfli əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Dövlət başçısı enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirib. “Cənub Qaz Dəhlizi” kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Albaniyaya investisiya yatırmaqda maraqlı olduğunu deyib. Dövlət başçısı beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycan və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. İkitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söyləyib, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd edib və bu baxımdan tərəfdaşlığın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirib.
Səfir Genti Qazheli Albaniya Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını və ən xoş arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb. Səfir Trans-Adriatik qaz boru kəmərinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Diplomatik əlaqələrin müstəsna xarakterə malik olduğunu qeyd edən səfir Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə sadiq qalacağını bildirib və iqtisadi əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dövlət başçısı Albaniya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Şərhlər