“Biz gec-tez o torpaqlarımıza qayıdacağıq” - BAYRAM SƏFƏROV

23.07.2015 14:47     Siyasi reaksiya     2210

Xəbər verildiyi kimi, Dağlıq Qarabağa köçməklə beynəlxalq qalmaqala səbəb olan rusiyalı milyoner German Sterliqov növbəti dəfə antiazərbaycan xarakterli açıqlama verərək azərbaycanlıları qorxaq adlandırıb. Buna səbəb kimi də Azərbaycan Baş Prokurorluğunda ona qarşı açılmış cinayət işini əsas gətirib. Azərbaycan tərəfinin ermənipərəst milyonerə cavabı isə özünü çox gözlətməyib.

Reaksiya.az xəbər verir ki, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun Sterliqova cavabı tutarlı olub. “German Sterliqov kimi birisi barədə danışmaq əbəsdir. Bəlkə də bir fincan çaxır içib, özünü idarə edə bilmir, nə danışdığını da anlamır. Gərək onu bir dəfə də danışdırıb fikirlərini dəqiq öyrənəsən ki, görəsən bunun qabında nə var, neyləmək istəyir. Bütün dünya bilir ki, Türklər heç vaxt qorxaq olmayıb. Biz də Azərbaycan türkləriyik, bunu da yaxşı bilirlər. O ki qaldı Baş Prokurorluğun German Sterliqov haqqında cinayət işi açmasına, mən bunu dəstəkləyirəm. Ermənipərəstlər bilsinlər ki, biz gec-tez o torpaqlarımıza qayıdacağıq”.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti dəfə regiona səfər edib. Onların bu gün ölkə başçısı İlham Əliyevlə görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bayram Səfərovun fikrincə, həmsədrlərin regiona səfərində hər hansı bir irəliləyiş olmayacaq: “Buna inamım çox azdır, zənn edirəm ki, bu səfər də onların əvvəlki səfərlərindən fərqlənməyəcək”.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistan hakimiyyətinin dəyişməsindən sonra reallaşa bilər: “Çünki o ölkədə lider yoxdur. Öz övladlarının gələcəyini düşünən ermənilər özlərinə lider seçməlidirlər. Ondan sonra sülh ola bilər. Bütün bunlardan sonra Qarabağda yaşayan ermənilərə də Azərbaycan dövlətinin köməyi ola bilər”.

Bayram Səfərov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılarsa, bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq” fikrinə də münasibət bildirib. O, qeyd edib ki, sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər: “Azərbaycanın torpaqlarında, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Çünki bura Azərbaycan torpaqlarıdır”.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman mötəbər kürsülərdən xalqımızın haqq səsini dünyaya çatdırır, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayır. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq.

Qeyd edək ki, Bayram Səfərovun rəhbərlik etdiyi Şuşa Rayon İcra Hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hər zaman əziz tutur və yad edir. İndiyədək 4165 nəfər şuşalı yeni mənzillə təmin edilib. Son 11 ildə rayonda 1642 yeni daimi iş yeri açılıb, 1391 sahibkarlıq subyekti yaradılıb. Dövlət başçısının içməli və suvarma suyuna olan tələbatın ödənilməsi ilə bağlı Sərəncamına əsasən Şuşa rayonunun Mirzələr qış yatağında da 2 subartezian quyusu qazılacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhər 1 saylı məktəb üçün Yasamal rayonu ərazisində 360 yerlik məktəb binasının tikintisi aparılır.

Bu gün Şuşa rayon İcra Hakimiyyəti Şuşa rayonu işğal altında olsa da, durmadan çalışır, ölkənin gələcəyi naminə bütün qüvvələrini səfərbər edir. Mədəniyyətimizin beşiyi Şuşa işğaldan azad olacağı günü səbrsizliklə gözləyir. Susa rayonunun əhalisi, başda Rayon İcra Hakimiyyətinin başçısı olmaqla möhtərəm Prezidentin, cənab Ali Baş komandanın ətrafında sıx surətdə birləşib onun bircə əmrini gözləyirlər. Gözləyirlər ki, tezliklə bütün işğal altında olan torpaqlarımız kimi Şuşamız da işğaldan azad olunsun!

Şərhlər

Çox oxunanlar