Adil Əliyev erməni deputatları yerinə otuzdurdu: - “Burnunuza yumruq dəyib deyə...”
26.11.2016 17:59 Siyasi reaksiya 1523
Sankt-Peterburq şəhərində keçirilən MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Naira Zohrabyan ilə millət vəkili Adil Əliyev arasında mübahisə yaşanıb.
Milli Məclisin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şuranın hüquq məsələləri üzrə daimi komitəsinin iclası zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri, “Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zohrabyan aprel hadisələrinin gündəliyə çıxarılmasını təkid edib. N. Zohrabyan bildirib ki, azərbaycanlılar onların 17-18 yaşlı gənclərinin başını kəsib. Buna görə də məsələ Şuranın bütün komitə iclaslarında müzakirə olunmalıdır.
İclasın aparıcısı isə bunun hüquq məsələləri komitəsində deyil, başqa komitələrin iclaslarında qaldırılmalı olduğunu qeyd edib.
N. Zohrabyanın israrlı təkidindən sonra söz alan millət vəkili Adil Əliyev ona tutarlı cavab verib. A. Əliyev qeyd edib ki, biz də məsələnin hüquqi qiymət almasının tərəfdarıyıq: “Çünki torpaqlarımız 20 ildən artıqdır ki, işğal altındadır. Müharibə başlanandan bu günə kimi Azərbaycan vətəndaşlarına dəymiş ziyan ödənilməlidir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sizin əsgərlərinizin torpaqlarımızda nə işi var idi ki, onların da başı kəsilsin? Təbii ki, bu sizin provakasiya etdiyiniz əməllərdir. Sizin tərəfdən bizim əsgərlərə hücum oldu. Azərbaycan ordusu da buna cavab verərək əsgərlərinizi yerində oturtdu. Sizin burnunuza yumruq dəyib deyə, indi provokasiyalara əl atırsınız ki, iclasımız pozulsun”.
Millət vəkilinin cavabından sonra Ermənistan nümayəndə heyətinin sədri Naira Zohrabyan susub və iclas davam edib.
Qeyd edək ki, hazırda Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Sankt-Peterburq şəhərində səfərdədir.
Şərhlər