"Artıq təkqütblü dünya yoxdur"

05.12.2016 12:25     Siyasi reaksiya     1560

Vladimir Putin: "Yevgeni Primakovun xəbərdarlıqları diqqətə alınsaydı, "ərəb baharı" adlanan hadisələrin nəticəsi fərqli ola bilərdi"

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Итоги недели" ("Həftənin yekunları") verilişinin qonağı olub. Sputnik xəbər verir ki, Kreml rəhbəri müsahibə zamanı təkqütblü dünya sisteminin artıq çökdüyünü, balansın tədricən bərpa olunduğunu deyib.

 "Təkqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar oldu. Dünyada balans tədricən bərpa olunmaqdadır. Ölkəmizin beynəlxalq arenadakı bir çox tərəfdaşları beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başlayıb. Bu, yaxşı haldır", — Putin bildirib.

O, Rusiyanın digər ölkələrin mövqelərinə hörmətlə yanaşdığını qeyd edib: "Hətta öz maraqlarımızı müdafiə edən zaman da belədir. Ölkəmiz həmin prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək".

Rusiya prezidenti müsahibəsi zamanı "ərəb baharı" ilə bağlı da olduqca diqqətçəkən məqamlara toxunub: "Yevgeni Primakovun xəbərdarlıqları diqqətə alınsaydı, "ərəb baharı" adlanan hadisələrin nəticəsi fərqli ola bilərdi. Primakov Yaxın Şərqi yaxşı bilirdi. O, bu coğrafiyada yerləşən ölkələrin taleyinə yaxından bələd idi. Primakov, gələcəkdə yaşana biləcək "ərəb baharı"nın mənfi nəticələrini görməyi bacarırdı".

"Hadisələr başlayan zaman Rusiyanın imkanları məhdud idi. Təəssüf ki, həmin dövrdə beynəlxalq arenada olan əsas oyunçular hüquq normalarına əməl etməmək yolunu seçdi", — Putin deyib.

Xatırladaq ki, Yevgeni Primakov SSR-in son illərində dövlətin rəhbərlərindən biri olub, daha sonra Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş nazir (1998-2000) postunda çalışıb.


Reaksiya.az

Şərhlər

Çox oxunanlar