Oqtay Əsədov: Ölkənin müdafiə qudrətinin, milli təhlükəsizliyin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb

06.12.2016 14:42     Siyasi reaksiya     1076

Dünya iqtisadiyyatında inkişaf templəri zəifləyib, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, ötən dövrdə dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklərin müşahidə edilməsi, neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirləri gözləniləndən az olub və Mərkəzi Bankın monetar siyasətində müvafiq düzəlişlər edilməsi zərurəti yaranıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Bizə təqdim edilmiş büdcə zərfinin sənədlərində də göründüyü kimi, 2017-ci il və növbəti 3 il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır”.

O.Əsədov qeyd edib ki, bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaq:

"Müzakirəyə çıxarılan sənədlərdən göründüyü kimi, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn il büdcə sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsait istisna olmaqla, digər xərclərdə ixtisarlar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qudrətinin, milli təhlükəsizliyin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb. Növbəti ilin dövlət büdcəsi ilə bağlı əsas məqamlardan biri Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmaların artması və Dövlət Neft Fondundan transferin azaldılmasıdır. Həmin transferin məbləği 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır".

 

Şərhlər

Çox oxunanlar