“Azərbaycan-İsrail münasibətləri aysberqə bənzəyir” - İsrail qəzetindən sensasion məqalə

14.12.2016 22:00     Siyasi reaksiya     1415

İsrailin nüfuzlu nəşri Benyamin Netanyahunun Azərbaycana səfərindən yazır

"The Jerusalem Post " baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə İranın ağrılı münasibətinə diqqət çəkir. İranın bir sıra tanınmış din xadiminin bu səfərə qarşı çıxması barədə konkret açıqlamaları təqdim edir. Məsələn, nəşr Seyid Həssən Əməlinin aşağıdakı fikrinə yer ayırır: “Azərbaycan İsrail üçün ona görə gərəklidir ki, bu ölkə İranın qonşuluğunda yerləşir. Azərbaycanın İsrail üçün nə iqtisadi, nə də hərbi baxımdan elə bir önəmli yoxdur”. Qəzet onu da vurğulayır ki, İsrail baş nazirinin səfəri ərəfəsində- cümə günü Təbrizdə kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar tələb edib ki, Azərbaycan Benyamin Netanyahunu qəbul etməkdən imtina etsin. Bu kontekstdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin aşağıdakı fikri qabardılır: “Bu səfər Azərbaycanın İslam Dünyası qarşısında üzərinə götürdüyü öhdəliklərə ziddir”. Səfir hesab edir ki, Azərbaycan İslam xalqlarının anlaşmasına uyğun olaraq İsraillə hər hansı razılaşmadan çəkinməli və Sionist rejimin təcrid olunmasının aradan qalxmasına xidmət göstərməməlidir. 2012-ci ildə Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Avigdor Libermanın "Azərbaycan İsrail üçün Fransadan daha önəmli ölkədir", bəyanatı çoxlarını heyrətdə qoymuşdu. Bəziləri bunu belə yozmuşdu ki, İsrailin Azərbaycanla ticarət dövriyyəsi Fransadan daha çox olduğuna görə belə bir bəyanat verilib. Təbii, bu amil də var. Azərbaycan neftinin dördədə birini İsrail alır. Ancaq başqa, daha önəmli məqamlar da var. 2009-cu ildə Wikileaks Azərbaycandakı ABŞ səfirinin açıqlamasın yaymışdı. Prezident İlham Əliyev səfirlə görüşündə belə deyib: "İsrail-Azərbaycan münasibətləri aysberqə bənzəyir. Yalnız 10 faizi üzdə görünür, 90 faizi isə suyun altındadır". Wikileaks-də gedən həmin xəbərin müəllifi ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə məsləhətçisi Rob Garverick-dir. O, yazır ki, Azərbaycanla İsrail arasındakı münasibətlər sırf praqmatizmə söykənir. İsrailin əsas məqsədi İrana qarşı Azərbaycanı müttəfiq kimi qorumaqdır. İsrail Azərbaycandan İrana nəzarət etmək və silahını satmaq üçün istifadə edir. Hər iki ölkə İranı öz mövcudluğuna təhlükə hesab edir. “The Jerusalem Post” qeyd edir ki, Azərbaycanın aparıcı (lider) qəzeti "Yeni Müsavat" bazar ertəsi yazıb ki, Israil Azərbaycanın ən önəmli stateji tərəfdaşlarından biridir və Azərbaycanı silahla təmin edir. Son illərdə bu ölkələr arasında əməkdaşlıq həm kəmiyyət, həm də keyfiyyət baxımından böyüyüb. “Yeni Müsavat” onu da bildirir ki, İsrail və Azərbaycan dronların birgə istehsalı ilə bağlı razılığa gəlib. Həmin dronlar Dağlıq Qarabağda aprel döyüşlərində uğurla sınaqdan çıxıb. İsrail Rusiyadan sonra Azərbaycana silah satan ikinci ölkədir... İsrailin baş naziri Benyamin Netanyahu hələ uzaq 1997-ci ildə Azərbaycanda səfərdə olub. Baş nazir qismində prezident Heydər Əliyevlə görüşüb... O, ötən ilin yanvarında Davosda keçirilən World Economic Forum-da İlham Əliyevlə də bir araya gəlmişdi.

Şərhlər

Çox oxunanlar