Albert Aqarunovun qəbri ziyarət edildi - FOTOLAR

25.07.2015 00:01     Siyasi reaksiya     2330

Xəbər verildiyi kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İmzalanma mərasimindən sonra İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin sədri Arye Qut və  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qəbrini ziyarət edib.

Reaksiya.az xəbər verir ki, Arye Qut və Umud Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqrunovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

BAMF sədri bildirib ki, Azərbaycanda milliyətindən asılı olmayaraq vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir: “Azərbaycanın Milli Qəhrəmanı Albert Aqrunovun həyat yolu isə hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq”.

Umud Mirzəyev qeyd edib ki, Azərbaycan xalqı Albert Aqarunovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaq: “Miliyyətcə yəhudi olan Albert Aqarunov vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanıdır”.

Öz növbəsində İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nın sədri Arye Qut vurğulayıb ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb: "O, hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir”.

Şərhlər

Çox oxunanlar