"Türkiyə terrorla üz-üzə qalıb" - Ramil Həsənov

25.07.2015 13:10     Siyasi reaksiya     2897

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov ATƏT-in Serbiya sədrliyinin dəvəti ilə iyulun 23-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in Daimi Şurasında çıxış edib. O, ATƏT-ə üzv olan ölkələrin nümayəndələrinə TDƏŞ-in gələcək fəaliyyəti və layihələri haqqında məlumat verib.

TDƏŞ-dən AZƏRTAC-a bildiriblər ki, baş katib Daimi Şuranı Helsinki Yekun Aktının 40-cı ildönümü münasibətilə təbrik edib, bu sənədin çətin bir dövrdən keçən Avrasiyanın gələcəyinə töhfə verəcəyini vurğulayıb.


O, TDƏŞ toplantılarından bəhs edərək Şuraya üzv ölkələrin dövlət başçılarının BMT-nin Nizamnaməsində, ATƏT-in sənədlərində və xüsusilə Helsinki Yekun Aktında yer alan prinsip və müddəalarına sadiqliklərini daim ifadə etdiklərini vurğulayıb. Həmçinin ortaq maraq kəsb edən məsələlərdə TDƏŞ-in ATƏT ilə daha yaxından əməkdaşlıq etməyə hazır olduğunu deyib.


Türkiyədə və digər ölkələrdə son zamanlar baş verən terror aktlarını pislədiklərini qeyd edən baş katib irqi ayrı-seçkilik, radikallaşma, qeyri-qanuni miqrasiya, iqlim dəyişikliyi kimi məsələlərdə bütün dövlətlərin ortaq problemlərlə üz-üzə qaldığını vurğulayıb. O, belə çətinliklərin öhdəsindən gələ bilmək üçün əlaqələndirici və uyğunlaşdırılmış tədbirlərə ehtiyac olduğunu bildirib. Bu mənada, iki təşkilat arasında iqtisadi, humanitar və siyasi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün çox güclü potensialın olduğunu deyib.

TÜRKPA-nın baş katibi Jandos Asanov çıxış edərək assambleyanın son fəaliyyətləri haqqında iştirakçılara məlumat verib.
Şuraya üzv ölkələrin ATƏT-dəki daimi nümayəndələri TDƏŞ ilə ATƏT arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələrdən sonra Avropa İttifaqı, ABŞ, Makedoniya və başqa ölkələrin nümayəndə heyətləri hər iki baş katibin fikirlərinə münasibətlərini bildiriblər.
TDƏŞ-in üzv ölkələrinin təmsilçiləri nümayəndə heyətləri tərəfindən qaldırılan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Baş katib Ramil Həsənov müzakirə olunan məsələlərdə TDƏŞ-in mövqeyini ortaya qoyub və Helsinki Yekun Aktının prinsipləri çərçivəsində iki təşkilat arasındakı gündəm maddələrinin bənzərliyinə diqqəti cəlb edib.

Şərhlər

Çox oxunanlar