“Əgər İlhan Aşkın bu məhkəməni uduzarsa...” - Koordinasiya Mərkəzi müraciət yaydı
10.02.2017 11:21 Siyasi reaksiya 1198
Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının müdafiəsi ilə bağlı Azərbaycan dövlətinə və dünyada yaşayan soydaşlarımıza müraciət edib. Azadinform-a daxil olan müraciətdə qeyd olunur ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub. 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. Koordinasiya Mərkəzi bəyan edir ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələ, Qarabağ uğrunda mücadilədir: “Əslində bizim üçün böyük bir fürsət yaranıb. Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarından, xüsusən də Avropada yaşayan soydaşlarımızdan İlhan Aşkının martın 3-də keçiriləcək məhkəmə prosesinə qədər ona hər cür yardım göstərmələrini xahiş edirik. Məhkəmə prosesinin keçirildiyi yerə yaxın şəhərlərdə yaşayan azərbaycanlılar birlik nümayiş etdirməlidirlər”. Müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində son vaxtlar ölkəmizin əldə etdiyi uğurlar dünyada, xüsusən də Avropada yaşayan erməniləri həddindən artıq qıcıqlandırıb. Onlar ciddi cəhdlə hücuma keçib Azərbaycanın, Qarabağın adı ilə bağlı olan məsələlərdə üstünlüyü əla almağa çalışacaqlar: “Hazırda məhkəməsi gedən İlhan Aşkın məsələsi də bu qəbildəndir. Bu, çox vacib məsələdir. Əgər İlhan Aşkın bu məhkəməni uduzarsa bir daha Hollandiyada və dünyanın başqa ölkələrində erməni qəsbkarlığından bəhs etmək mümkün olmayacaq”. Xatırladaq ki, mərkəzi ofisi Kiyev şəhərində yerləşən Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) 2016-cı ildə yaradılıb, Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Mərkəzin sədri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. DABKM İsveç Diaspor Təşkilatı ilə dünyada azərbaycanlılarının koordinasiya təşəbbüslərinin dəstəklənməsinə dair Memorandum imzalayıb. "
Şərhlər