"Rusiya Aleksandr Lapşinə göstərdiyi həssaslığı Dilqəm Əsgərova da göstərməlidir

10.02.2017 14:18     Siyasi reaksiya     1094

Elmar Məmmədyarov: "Əgər Ermənistan öz simasını qorumaq istəyirsə, əsir saxladıqları azərbaycanlıları heç olmasa üçüncü ölkəyə göndərsinlər"

"İstərdik ki, Rusiya Lapşinə münasibətdə göstərdiyi həssaslığı, hazırda erməni tərəfində qanunsuz olaraq girov saxlanılan öz vətəndaşına da göstərsin".

Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində səsləndirib. "Azərbaycan hesab edir ki, erməni tərəfi öz torpaqlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevi qanunsuz olaraq saxlayır. İndi isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə onlara əsir düşüb. Azərbaycan bu cür faktlarla necə mübarizə aparmaq niyyətindədir? Bakı hansı əks-addımlar atmağa hazırlaşır?" sualınına nazir belə cavab verib: "Təmas xəttini keçərək Kəlbəcər rayonuna gedən və qəbiristanlığı ziyarət edən bu iki nəfərin (onlar 3 nəfər olublar, amma onlardan biri döyüş zamanı öldürülüb) saxlanılması və onların taleyi təxribat xarakterli məsələdir. Onları saxlamaq nəyə lazımdır? Onları girov götürmüsünüz və 2 ildir məhkum etmisiniz. Amma əgər siz öz simanızı qorumaq istəyirsinizsə, onları heç olmasa üçüncü ölkəyə göndərin. Bu, həm bizim, həm də sizin ölkədə ictimai vəziyyətə təsir edir".

"Və biz bu mesajları hər zaman vasitəçilərin köməyi ilə onlara çatdırırıq. Bu məsələ ictimai rəyi narahat edir. Onlardan birinin həyat yoldaşı Rusiya vətəndaşıdır. Onun özünün də Rusiya pasportu var. İstərdik ki, Rusiya tərəfi öz vətəndaşlarının maraqlarını eyni həssaslıqla müdafiə etsin, necə ki, indi bunu Lapşinə (bloqçu Aleksandr Lapşin — red.) münasibətdə edir" — XİN başçısı qeyd edib.

Elmar Məmmədyarov 2016-cı ilin dekabrında şəhid olmuş Azərbaycan hərbçisi Çingiz Qurbanovun cəsədinin gec qaytarılmasına da münasibətini bildirib. Qeyd edib ki, bu cür halların baş verməməsi üçün qəbul olunmuş mexanizmlər var: "Amma Ermənistan tərəfi qaydalara əməl etmək istəmir. Təmas xəttində gah hərdənbir, gah da davamlı olaraq atışma baş verir. Ölən və yaralananlar olur. Amma aydın məsələdir ki, münaqişə ilə bağlı bütün məsələlərin siyasi həlli tələb olunur. Amma hələlik tərəflərin addımları daha çox humanitar xarakterli olmalıdır". "Hətta biz təsadüfi atışmalardan qaça bilməsək belə, ölənlər və yaralananlar olsa və onların cəsədi qarşı tərəfdə qalsa belə, döyüş zamanı ölənlərin cəsədlərinin qaytarılması normal praktikadır. Bu, bütün hərbi qarşıdurmalar zamanı baş verir" — deyə Məmmədyarov bildirib. O, hələ də ermənilərin niyə şəhid əsgərin cəsədini bu qədər gec qaytarmasının səbəbini başa düşmədiyini qeyd edib:"Doğrusu, mənim üçün hələ də böyük sual olaraq qalır ki, erməni tərəfi niyə cəsədi bu qədər uzun müddət saxladı. Ölü əsgərlə mübarizə aparmaq mümkün deyil axı. Mən indiyə qədər qarşı tərəfdən ağlabatan bir cavab eşitməmişəm. Bu məntiqi başa düşmək və qəbul etmək mümkün deyil". Nazir ermənilərin məqsədinin ictimai rəyi narahat saxlamaq olduğunu əlavə edib: "Ağla gələn yalnız odur ki, həm əsgərin meyitinin uzun müddət saxlanılması, həm də iki girovun azad edilməməsində yeganə məqsəd ictimai rəyi qəsdən narahat saxlamaqdır". 

Reaksiya. az

Şərhlər

Çox oxunanlar