Lənkəran şəhərində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib - FOTOLAR
10.02.2017 15:28 Siyasi reaksiya 1379
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin yaradılmasının 5-ci ildönümü münasibətilə 10 fevral 2017-ci il tarixdə Lənkəran şəhər İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Lənkəran şəhər İcra hakimiyyətinin başçısının müavini İlqar Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra hakimiyyətinin başçısının müavini İlqar Dadaşov gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Xidmətin 5 il ərzində mühüm uğurlara nail olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 5 il ərzində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Lənkəran şəhər məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
Şərhlər