XİN: Dağlıq Qarabağda qanunsuz “referendumu”n kimlərsə tərəfindən müşahidə edilməsi barədə iddialar gülüncdür

20.02.2017 16:23     Siyasi reaksiya     1542

"Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə  zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “referendum” keçirilir. Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil".

Apa-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfinin bu qanunsuz “referendumu”n kimlərsə tərəfindən müşahidə edilməsi barəsində iddiası gülüncdür.

Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz “referendumu” müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib.

Ermənistan tərəfindən öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfəri təşkil olunub. Bu öz fəaliyyəti qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Ermənistanın əvvəlki metodundan istifadə edərək kimlərisə aldadaraq işğal olunmuş ərazilərə gətirməsi halları da istisna deyildir.

Ermənistan bu kimi təxribatçı və lüzumsuz əməllərlə məşğul olmaq, özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin əvəzinə işğalçılıq siyasətinə son qoymalı, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır", - deyə H. Hacıyev qeyd edib.    

Reaksiya.az

Şərhlər

Çox oxunanlar