Xidmət rəisi: "Miqrasiya həm də hər bir dövlətin milli təhlükəsizliyi baxımından ciddi məsələdir"
21.02.2017 14:54 Siyasi reaksiya 1452
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşüb.
DMX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki qurum arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə danışıb.
Xidmət rəisi Azərbaycanın qoşulduğu BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində əldə edilən nailiyyətlərə toxunub, BMT Baş Assambleyasında “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşdə, o cümlədən “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı dəyirmi masada Azərbaycan nümayəndə heyətinin fəal iştirakınınqurumlar arasında güclənən səmərəli əməkdaşlığın göstəricisi olduğunu bildirib.
F.Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər əldə etdiyi sürətli inkişaf, beynəlxalq aləmdə qazandığı uğurlar, Avropada miqrantlara münasibət fonundaölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən məqsədyönlü işləri diqqətə çatdırıb. Qeyd edib ki, müstəqilliyinin ilk illərində torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan bu böhranın öhdəsindən demək olar təkbaşına gəlib.
Miqrasiya məsələsinin həm də hər bir dövlətin milli təhlükəsizliyi baxımından ciddi məsələ olduğunu qeyd edən Xidmət rəisi əlavə edib ki, bu gün sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə respublikada diqqət və qayğı göstərilir, onların hüquq və azadlıqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu fakt müharibə şəraitində olan Azərbaycan dövlətinin nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin də hüquqlarının qorunmasına həssas yanaşdığını və bunu təmin etməyə qadir olduğunun nümunəsidir.
Furio De Angelis sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib, onların hüquqlarının müdafiəsi istqamətində Dövlət Miqrasiya Xidməti ilə birgə işlərin aparılmasının vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər