Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
23.02.2017 12:20 Siyasi reaksiya 1265
Fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.
Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırdı.
Dövlətimizin başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirdi, onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş etdi.
Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğuladı. Dövlətimizin başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirdi. Dövlətimizin başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edildi.
Şərhlər