Vasif Talıbovun vitse-prezident olacağı xəbəri - təkzib edildi
24.02.2017 13:15 Siyasi reaksiya 1448
Naxçıvan MR-nın Ali Məclisinin fövqəladə sessiyasında konstitusiya düzəlişləri qəbul olundu, Ali Məclis sədrinin vitse-prezident elan ediləcəyi barədə xəbərlər haradan qaynaqlanıb?
Azərbaycan prezidentinin ölkənin 1-ci vitse-prezidentini təyin etməsindən sonra müzakirə olunan məsələlərdən biri vitse-prezidentlərin kimlər olacağıdır. Vitse-prezident məsələsi ilə bağlı son iki gündə bir çox suallara yol açan maraqlı proses yaşandı. Belə ki, 1-ci vitse-prezident təyinatından cəmi bir gün sonra-fevralın 22-də saytlarda 23 fevralda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasının çağırıldığı və muxtar respublikanın konstitusiyasına dəyişikliklər ediləcəyi xəbəri yayıldı.
Bu barədə yazan saytlar xəbəri Naxçıvan MR-in rəsmi mətbu orqanı “Şərq qapısı” qəzetin istinadən yaydığını qeyd etdi. Xəbərdə deyilirdi ki, Ali Məclisinin fövqəladə sessiyasının gündəliyinə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə-vitse-prezident institutunun tətbiqi ilə bağlıdır: “Elə həmin məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib”.
Bu xəbər 24 saatdan artıq əksər media orqanlarında tirajlandı. Lakin heç bir hakimiyyət təmsilçisindən yayılan xəbərə hər hansı şəkildə reaksiya olmadı. Və daha maraqlı hadisə fevralın 23-də günün ikinci yarısı baş verdi. Belə ki, “Şərq qapısı” qəzetinin redaksiyasından modern.az saytına açıqlama verilərək bəzi müəmmalara aydınlıq gətirildi.
Sitat: “Naxçıvan Muxtar Respublikasının fövqəladə deyil, 5-ci sessiyası çağırılacaq. Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan olunacağı xəbəri bizim qəzetdə yayımlanmayıb. Vasif müəlllimlə bağlı heç bir informasiya dərc etməmişik. Sadəcə, həmkarlarımız yanlışlığa yol veriblər. Vasif Talıbovla bağlı məlumat jurnalist təxəyyülünün məhsuludur. Sadəcə, orada bir məqam var ki, o da jurnalistin metodu ilə bağlıdır. Orda da göstərilir ki, ”məlumatlara görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib". “Məlumata görə” sözünün qeyd edilməsi jurnalistin öz təxəyyülünün məhsuludur. Bunun da bizə aidiyyəti yoxdur. Bizim qəzetdə dərc olunan material 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5-ci sessiyasının çağırılması haqqında qərarıdır. Qərarda da gündəlikdə duran məsələlər, 2017-ci ilin sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlıdır".
Qeyd edək ki, fevralın 23-də günün ikinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib. APA xəbər verir ki, Ali Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqda qanun layihəsini qəbul edib.
Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında qanun oxunub və səsə qoyularaq qəbul edilib. Göründüyü kimi, V.Talıbova fövqəladə vitse-prezident səlahiyyəti verilməsi haqda heç bir düzəliş yoxdur...
Siyasi ekspertlər hesab edir ki, Vasif Talıbovla bağlı qeyd olunanlar və bir sutka sonra təkzib verilməsi ortaya suallar çıxarır. Konstitusiyaya görə, 1-ci vitse-prezident və vitse-prezidentlər Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə təyin edilir. Bu məsələ konstitusiyada açıq-aydın yazılıb. Sual olunur: o zaman Vasif Talıbovun vitse-prezidentliyinin elan ediləcəyi barədə dövriyyəyə buraxılan informasiya nəyə və kimə xidmət edirdi və nə üçün idi? Burada məqsəd Vasif Talıbova zərbə vurmaq idi, yoxsa...
Onu da qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Milli Məclisinin sədr müavinidir. Lakin nə Azərbaycan Konstitusiyasında nə də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinin həm də Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirildiyi yazılmayıb.
Naxçıvan MR Konstitusiyasına əlavə və dəyişikliklərə gəlincə, bunun üçün prosedurlar var.
Virtualaz.org konstitusiya hüququ üzrə mütəxəssislərə istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasnın Ali Məclisində azı 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Bu zaman nəzərə almaq lazımdır ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif muxtar respublikanın Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Üçüncü mərhələdə Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra müvafiq tutulmuş qaydada, Naxçıvan Ali Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur. Bu zaman nəzərə alınır ki, əlavə və dəyişikliklər Naxçıvan Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
Reaksiya.az
Şərhlər