Deputat: - “Xocalı soyqırımını törədənlərlə bağlı məhkəmə hökmü çıxarılmalıdır”
24.02.2017 13:24 Siyasi reaksiya 1588
“Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilib. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır”.
Bunu birinci vitse-spiker Ziyafət Əsgərov parlamentdə Xocalı faciəsi ilə bağlı müzakirələrdə çıxış edərkən deyib. Sədr müavini qeyd edib ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir: “Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistandakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan, Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik edib”.
Deputat Fərəc Quliyev qərar layihəsindəki Ermənistan-Azərbaycan, Daqğlı Qarabağ münaqişəsini Ermənistan-Azərbaycan müharibəsi kimi göstərilməsini təklif edib. “Bu, münaqişə deyil, müharibədir. Burada iki tərəf var-Ermənistan və Azərbaycan. Bu təqdimatda biz Dağlıq Qarabağı üçüncü subyekt kimi göstəririk. Bu, Ermənistanın törətdiyi hadisədir və qərarda da bu cür təqim olunmalıdır”.
Deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanın müvafiq qurumları heç olmasa şifahi də olsa, Xocalı soyqırımını törədən canilərə qarşı məhkəmə hökmü çıxarılmalıdır: “Biz nəyə görə onları gözləməliyik ki, gəlib izahat yazsınlar, ya ifadə versinlər? Bu qərarlar İnterpola göndərilməlidir ki, sonra bizə deməsinlər ki, niyə indiyə qədər müraciət etməmisiniz. Gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır. Təbii ki, adamlar tutulub gətirilməlidir. Amma bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq.Şifahi qərar qəbul etmək olar, məhkəmə-hüquq sistemində mümkün olan məsələdir”. S.Novruzov bir məqama da diqqət çəkib: “Ölkə başçısı da Xocalı faciəsi ilə bağlı çıxışında qeyd etdi ki, Xocalıda qətlə yetirilən insanlar eyni zamanda İslam inancına görə öldürülüblər. Amma təəssüflər olsun ki, İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qururlar”.
Deputat Vahid Əhmədov ötən əsrin əvvəllərindən ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs etdi: “20-ci əsrin faciəsi olan Xocalı soyqırımı Ermənistanın aqressiv siyasətinin nəticəsidi. Bu, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı cinayətdir”.
Şərhlər