Bərzanidən tarixi PKK açıqlaması - VİDEO

27.07.2015 11:05     Siyasi reaksiya     1503

İraq Kürd Regional Hakimiyyətinin başçısı Mesut Bərzani Türkiyənin PKK-ya qarşı hücumuna görə PKK-nı günahlandırıb.

Reaksiya.az xəbər verir ki, o, "İmkanları qiymətləndirmədilər, qürura qapıldılar" sözlərini deyib.

"Türkiyə hökuməti kürd probleminin həll edilməsi üçün müsbət addım atdı, ancaq təəssüf ki, qarşı tərəf bu imkanları dəyərləndirə bilmədi və qürura qapıldı. AKP-nin hakimiyyətindən əvvəl Kürd və Kürdüstan adı qadağan idi. Bununla yanaşı kürdlərə aid bütün işarələr də bu qadağa ətrafındaydı. Türkiyədə sülh prosesinin yaranması üçün hər cür səylər ortaya qoyduq. Uzun dialoq və müzakirələrdən sonra AK Partiya və Ərdoğanın Türkiyədə kürdlərlə bağlı əvvəlki partiyalardan fərqli bir düşüncə ilə siyasət tərzinə malik olduğunu gördük. Apardığımız uzun söhbətlərdən sonra Öcalan da sülh danışıqlarının əsas tərəflərindən birinə çevrildi. Bu, böyük bir irəliləyiş idi. Çünki AK Partiyadan əvvəlki hökumətlərin Öcalanla necə rəftar etdiklərini və hansı təhqirlər etdiyinin şahidi olmuşduq. Sülh prosesinin ilk mərhələsi uğurla davam edib. Ancaq təəssüf ki, sonrakı mərhələlərdə bir çox maneə çıxdı. Maneələrə baxmayaraq proses HDP-yə bağlı olaraq qəbul edilirdi. Xüsusilə Türkiyə dövləti, Öcalan və HDP, bu prosesin qurucuları olduqlarını elan edirdi. Biz də bu səbəbdən prosesin maneələri dəf edəcəyini ümid edirdik. İndi də bir daha bu prosesin başlamasını istəyirik. Kürdlərin hüquqlarına çatması, təhlükəsizlik və sabitliyin təmin olunması ən böyük arzumuzdur. Biz Türkiyənin siyasətini müəyyən etmirik və PKK-nın siyasətlərindən da cavabdeh deyilik. Biz dialoqa kömək edirik. Tarixə not düşmək üçün bunu deyirəm: Türkiyə hökuməti problemin dinc həlli üçün müsbət addım atdı. PKK-ya sülhü qorumaq üçün dəfələrlə məktub göndərmişəm. Çünki sülh uzun bir prosesdir. Bunun isə zamana ehtiyacı var", - deyə Bərzani bildirib.

PKK rəhbərləri ilə keçirdiyi görüşə toxunan Bərzani bu məlumatları bölüşüb:

"Onlara dedim: İki polisin öldürülməsi ilə Türkiyə yox olmaz. Bu gün, ən böyük imkan yaranıb. Seçki sandıqları, qələm, dialoq, siyasət və dinc üsullarla davam edin. Çünki bu yollarla əldə ediləcək böyük nailiyyətlər, silahla əldə edilməz. İndi də HDP ilə AK Partiyanın Türkiyədə bir hökumət qurmaq nöqtəsində müqavilələri ola bilər. Bu, Türkiyə, kürdlər və Yaxın Şərq üçün böyük bir uğurdur”.

Bərzaninin açıqlamasında "Türkiyə və ABŞ-ın İŞİD-in vurulması məsələsində müqaviləsi bizə görə mühüm bir addımdır. Bunun böyük nəticələri və təsirləri olacaq. ABŞ-ın tərəfdaşlığı ilə aparılan bu müharibəyə Türkiyənin daxil olması vəziyyəti xeyli dərəcədə dəyişdirəcəkdir. Hamımızın  bunu yaxşı qiymətləndirməsi lazımdır" ifadələri də yer verib.

"Müharibə sevmirəm. Təhrik, şüar, dava və şiddətlə problemlər həll edilmir. İki tərəfə də müraciətim danışıqlar masasına oturmasıdır. Sülh prosesi davam etməlidir. Müharibənin davam etməsi Kürdüstan bölgəsi sərhədində yaşayan dinc əhaliyə də ziyan vurur. Xalqın bunu soruşmağa hüququ vardır: Kürdüstan bölgəsi, nə üçün müharibə arenasına çevrilir? Rahatlıqları və həyatları təhlükə altında olmalıdır? Son olaraq təkrar edirəm, sülh və dialoq prosesinə qaytarılmalıdır. Bu, problemlərin həll edilməsi üçün yeganə çarədir. Biz də burada əlimizdən gələni etməyə hazırıq", - deyə Bərzani vurğulayıb.

Şərhlər

Çox oxunanlar