I vitse-prezident Mehriban Əliyeva: “Mən prezident olmağı planlaşdırmıram" - VİDEO
27.02.2017 13:46 Siyasi reaksiya 1707
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib.
Müsahibə hər bazar günü efirə çıxan “Vesti nedeli” proqramında göstərilib.
Proqramın aparıcısı jurnalist Dmitri Kiselyov qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında qərarı məntiqi qəbul ediblər. D.Kiselyov deyib: “Mehriban Əliyeva onsuz da praktiki olaraq ölkənin bütün ictimai və siyasi həyatında iştirak edir, idarəetmə fəaliyyətində zəngin təcrübəyə malikdir. Cəmiyyətdə onun nüfuzu şəksizdir. Mehriban Əliyeva son üç çağırış Azərbaycan parlamentinin deputatıdır, Heydər Əliyev Fonduna müvəffəqiyyətlə başçılıq edir, onun rəhbərliyi ilə 2012-ci ildə Bakıda “Eurovision” müsabiqəsi parlaq surətdə keçirilib, inişil isə tarixdə ilk dəfə Avropa Oyunları təşkil edilib. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva proqrama müsahibəsində bildirib ki, yeni vəzifədə Prezidentin, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğruldacaq. Mehriban Əliyeva deyib: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb. Azərbaycanın Birinci vitse-prezidenti müxbirin “Siz dərhal razılaşdınızmı?” sualına cavabında deyib: “Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğrultmalıyam”.
Şərhlər