“Azərbaycan islam dünyasının inkişaf modelinə çevrilib”

27.07.2015 12:27     Siyasi reaksiya     1538

İsrailli ekspert: "Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun, tolerantlığın və multikulturalizmin əsl nümunəsidir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Prezidenti Yanında "Bilik" Fondunun təşilatçılığı ilə iyul ayının 21-də Beynəlxalq yay məktəbində start götürən və Azərbaycan tarixinin dəhşətli və qanlı hadisələrə həsr olunan mühazirələr Quba rayonunda xarici tələbələr qarşısında davam etdirilib.

"Azərbaycanlıların soyqırımı cinayətləri və Qarabağ müharibəsi" adlı dəyirmi masanın əsas moderatoru İsrailin beynəlxalq əlaqələr üzrə məşhur eksperti, "Cəmiyyət üçün Beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut olub.

O, dəyirmi masa iştirakçılarına 1918-ci il qanlı mart hadisələrinin əsil reallıqlarını özündə əks etdirən sənədləri göstərib.

Arye Qut Bakı, Şamaxı, Quba quberniyalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda azərbaycanlılara qarşı amansız soyqırımından söz açıb, 1992-ci ildə Xocalı şəhərində erməni faşistlərinin törətdiyi vəhşiliklərdən danışıb.

“Son 100 illərdir ki, Azərbaycana qarşı edilən bu soyqrımlara baxmayaraq bu gün Azərbaycan cəmiyyətinin əsas meyarlarından biri tolerantlıq və multikulturalizmdir. Azərbaycan unikal bir sivil ölkədir və islam dünyasının inkişaf modelinə çevrilib. Bu ölkədə iqtisadi inkişaf tempilə yanaşı, qərb praqmatizmi ilə şərq qonaqpərvərliyi və ənənələri bir vəhdət təşkil edir. Azərbaycanda hazırda bir çox dinlərin və xalqların nümayəndələri yaşayır. Bu qədim torpaqda iudaizm, islam, atəşpərəstlik və xristinalıq həmişə mövcud olub. Azərbaycanda yaşayan yəhudilər heç vaxt özlərini yad hesab etməyiblər. Prezident İlham Əliyevin patronajlığı ilə Azərbaycanda 2 sinaqoq və Cənbi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi tikilib. İndi isə ilk yəhudi muzeyinin tikintisi nəzərdə tutulub. Yaşadığımız hazırkı qanlı və dəhşətli dünyanın bir çox ölkələrində insanların ölümünün şahidi oluruq. Azərbaycan isə tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərə görə tərifə layiqdir və İsarildə yaşayanlar buna çox böyük qiymət verirlər”, - deyə Arye Qut bildirib.

Şərhlər

Çox oxunanlar