Azərbaycanda sosial problemlərin həlli daha da sürətləndiriləcək

10.03.2017 15:16     Siyasi reaksiya     1133

Martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk müşavirə keçirildi. Müşavirə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olundu. Əslində, ilk toplantının sosial sahəyə aid bəzi məsələlərə, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə həsr ediləcəyi gözlənilən idi. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi 10 ildən çoxdur əsas diqqətini məhz sosial problemlərin həllinə yönəldib.

Hələ fevralın 27-də “Rossiya 24” kanalına müsahibəsində Birinci vitse-prezident qeyd etmişdi ki, onun istəyi sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir:

“Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram”.

Şübhəsiz ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi birinci xanıma sosial sahədəki problemlərin həllinin sürətləndirilməsi üçün daha geniş imkanlar verir.

Məlum olduğu kimi, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və qayğı göstərir. Ölkədə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı qəbul edilib. Bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Ölkə ərazisindəki bütün çadır düşərgələri ləğv olunub, orada məskunlaşan məcburi köçkün ailələri də yeni salınmış qəsəbələrə köçürülüb. Təkcə Bakı şəhəri və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib.

Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı isə 4,5 dəfə artırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. Ötən il hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur.

Görülmüş bütün işlərin və sərf olunmuş vəsaitlərin 90 faizi dövlət başçısı İlham Əliyevin son 13 ildəki prezidentlik fəaliyyəti dövründə icra edilib. Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub.

Lakin bu sahədə müəyyən problemlər hələ də qalır. Azərbaycanın Birinci vitse-prezidenti müşavirədə bildirdi ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır:

“Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.

Müşavirədə qeyd olundu ki, hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakıda müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Həmçinin, istismar müddətini başa vurduğundan tam yararsız, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Eləcə də respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır.

Bundan başqa, son 13 ildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 380 min əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var.

Mehriban xanım Əliyeva toplantıda qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı problemin konkret həlli yollarını göstərdi, müvafiq tapşırıqlarını verdi:

“Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir. Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır. ...Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq”.

Qaçqınların və məcburi köçkünlərin işlə təminatı məsələsinə da toxunan Mehriban Əliyeva 400 minə yaxın məcburi köçkünün işlə təmin olunmasına baxmayaraq, bu sahədə yenə də problemlərin olduğunu vurğuladı. Birinci vitse-prezident rayon icra hakimiyyətlərinə bu barədə düşünməyi, kiçik biznes və ya kiçik müəssisələr barədə təkliflər hazırlamağı da tapşırdı, iş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etməyin zəruriliyini bildirdi.

Müşavirədə son illərdə tikilib istifadəyə verilmiş müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayının az olduğunu, uşaq bağçalarının maliyyə ilə bağlı problemlərə görə tam gücü ilə çalışmadığını deyən Birinci vitse-prezident bildirdi ki, bu məsələni tezliklə həll etmək üçün Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalı və bu məsələ qısa zamanda həllini tapmalıdır.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Azərbaycanda sosial problemlərin həlli daha da sürətləndiriləcək və yaxın gələcəkdə konkret nəticələrin şahidi olacağıq.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar