Nazir: "Ermənistanın qeyri-konstruktiv mövqeyi regional təhlükəsizliyə ciddi təhdiddir"
10.03.2017 15:35 Siyasi reaksiya 1559
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 10-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Fransa arasında hərbi əlaqələrin güclənməsinə xidmət edən görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qoşunların qarşıdurma xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.
Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.
Öz növbəsində, xanım O.Buşez Fransanın Azərbaycan ilə müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Səfir bu proqramların vacibliyini xüsusi vurğulayıb.
Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Şərhlər