Erməni tədqiqatçı: İnsanlar erməni millətçilərinin uydurduğu saxta tarixə görə məhv olurlar

14.03.2017 12:43     Siyasi reaksiya     1449

İnsanlar erməni millətçiləri tərəfindən uydurulmuş saxta tarixə görə məhv olurlar.

Trend-in məlumalına görə, bunu Ukraynadan olan tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan Artur Ağacanov bu gün Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, əsrlər boyu Qarabağ torpağı müxtəlif müharibə və münaqişələr meydanı olaraq qalır: “Bu proseslər nəticəsində onun qədim mədəniyyətinə, məbədlərinə, memarlıq abidələrinə və xalqların irsinə ziyan dəyib. Qarabağ həm də qədim Qafqaz Albaniyası dövlətinin bir hissəsi olub. Bu qədim dövlətin özünün xüsusi mədəniyyəti, tarixi və memarlığı, xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsi olub. Lakin hazırda bu qədim irs ya məhv edilir, ya da erməni mədəniyyəti və tarixi kimi qələmə verilir”.

Tədqiqatçının sözlərinə görə, artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən olan erməni köçkünləri qədim Qarabağ torpaqlarını özünküləşdirirlər: “Bu dövr ərzində Eçmiədzin kilsəsinin dəstəyi ilə qədim Alban Avtokefal Kilsəsi ləğv edilib. Qanzasar, Amaras (ağ oğlan) və Alban kilsəsinin digər patriarx taxtlarının ləğv edilməsi nəticəsində Qarabağda, eləcə də Cənubi Qafqazda olan çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiədzin erməni kilsəsinin əlinə keçdi. Bu xalqların bir hissəsi – qıpçaq türkləri, udin, aysor, tat, kürd və s. erməni qriqorianlığını qəbul etmişlər. Lakin onların erməni xalqına və Eşmiədzinə heç bir aidiyyətləri yox idi. Lakin bu xalqların etnik mənsubiyyəti zor gücünə dəyişdirilərək erməniləşdirilib”.

A.Ağacanov bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və qədim Qafqaz Albaniyasının tarixinin, xristian mədəniyyətinin bir hissəsi olduğunu dilə gətirən hər kəs həyatı üçün təhlükə ilə üzləşib: “Lakin biz hesab edirik ki, həqiqəti deməkdən çəkinməməli və onun üçün mübarizə aparmalıyıq. Qarabağ problemi həll olunmalıdır. Əks halda bu problemlə bizim övladlar üzləşəcək və artıq onların qanı axıdılacaq”.

O əlavə edib ki, insanlar erməni millətçiləri tərəfindən uydurulmuş saxta tarixə görə məhv olurlar və bu, davam edir: “Xalqlarımızın başına gələn bəla məhz bu tarixi konsepsiyadan irəli gəlir. Biz saxta tarixi ifşa etməli və qan tökülməsinin qarşısını almalıyıq. Biz Azərbaycanda Alban kilsəsinin və məbədlərdə ibadətin bərpası xəbərini sevinclə qarşıladıq. Yaxın gələcəkdə bu məqsədlə biz Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar