Həmsədrləri özlərinin də inanmadığı bir prosesi başlatmaq istəyir
30.03.2017 12:28 Siyasi reaksiya 1459
ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərinin də inanmadığı bir prosesi başlatmaq istəyir
ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini başa vurdular. Martın əvvəllərində onlar Bakıda olduqları üçün budəfəki səfərdə İrəvanda və işğal altındakı Dağlıq Qarabağda olan diplomatlar bir sıra açıqlamaları ilə özlərinə diqqət çəkməyə çalışdılar.
Belə ki, amerikalı həmsədr Riçard Hoqland iddia etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra “ağlabatan planlar” var. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr əlavə edib. R. Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. “Lavrov planı”na dair sualı cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.
Azərbaycanın işğal altındakı ərazilərinə gələrək Xankəndi şəhərində separatçı qurumun rəhbəri Bako Saakyanla görüşən diplomatlardan biri, fransız həmsədr Stefan Viskonti deyib ki, onun ölkəsi ərazisində Azərbaycan və Ermənistan prezidentilərinin görüşünü təşkil etməyə hazırdır. “Ancaq başqa bir yerdə də görüş keçirmək olar, yetər ki, bu görüş məhsuldar olsun». Fransalı diplomatın sözlərinə görə, əsas məsələ sabitliyin qorunmasıdır. «Biz çox istərdik ki, hər şeydən əvvəl atəşkəsin pozulması baş verməsin. Bu, çox vacibdir”- o əlavə edib. S.Viskonti Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərini də xatırladıb və bildirib ki, F.Ollandla görüşlərdə Qarabağ məsələsi geniş və intensiv şəkildə müzakirə olunub. Odur ki, bölgəyə son səfərin də danışıqları bərpaya kömək edəcəyinə əminliyini vurğulayıb. Eyni zamanda “çətin prosesdir, bunu siz də gözəl başa düşürsünüz”, - deyə, əlavə edib.
Həmsədrlərin detalları açıqlamamasını normal sayan fransalı diplomatın “bu, o demək deyil ki, heç bir iş görülmür”, deməsi də təəccüb doğurur. Əgər Ermənistan birtərəfli qaydada danışıqlardan imtina edibsə, həmsədrlər nə iş görə bilər? Daha çox ağlagələn versiya budur ki, diplomatlar Ermənistanda keçiriləcək seçkilərə 5 gün qalmış bölgəyə səfər etməklə və gəlişigözəl açıqlamalar verməklə, sadəcə, işğalçı ölkədəki seçkilərin rəvan şəkildə keçirilməsinə xidmət etmək istəyirlər.
Fakt budur ki, seçkilər 2 apreldə-2016-cı ilin aprel müharibəsinin ildönümü günü keçiriləcək və həmin gün döyüşlərin bərpa olunacağı barədə xəbərlər də yayılıb. Avropa Şurasında Ermənistanın işğalçılığı əleyhinə qətnamə qəbuluna imkan verməyən həmsədrlərin Ermənistanı budəfəki sınaqdan xilas etməyə girişməsi heç də təəccüblü deyil. Üstəlik, Fransa prezidenti Fransua Ollandın öz səlahiyyətlərini başa vurmaq üzrə olduğu bir vaxtda Qarabağ məsələsi ilə bağlı hansısa töhfə verəcəyi ağlabatan görünmür. Olland fevral ayında Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququndan” danışmaqla əslində necə “tərəfsiz” olduğunu və hansı şəkildə “töhfə” vermək istədiyini ortaya qoydu.
*****
Politoloq Elçin Mirzəbəyli də hesab edir ki, həmsədrlərin seçkiöncəsi Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə - Qarabağa səfər etmələri maraq doğurur: “Əgər Azərbaycan və Ermənistan prezidentlərinin Fransa səfəri və Fransua Ollandın təşəbbüsü olmasaydı, səfəri birmənalı şəkildə seçkilərlə əlaqələndirmək olardı. Amma nəzərə almaq lazımdır ki, həmsədrlər Ermənistana 10 gün sonra da gələ bilərdilər. Bu baxımdan, səfərin seçkilərlə bağlı olduğunu da istisna etmək olmaz. O ki qaldı danışıqlar prosesinin davam etdirilməsinə, bu, onsuz da seçkilərədək baş tutmayacaq. Seçkilərdən sonrakı reallığı isə indidən tam və qəti şəkildə müəyyənləşdirmək mümkün deyil. Səfəri daha çox Minsk prosesinin davam etdirilməsinə, daha dəqiq desək, xilas edilməsinə cəhd kimi qiymətləndirmək olar. Verilən bəyanatlarda yer alan ümidverici notlar da çox güman ki, bununla bağlıdır”.
Bu arada həmsədrlərlə təmas imkanı qazanan Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan da deyib ki, danışıqlarda Lavrov planı yoxdur, sadəcə, Madrid prinsiplərinin yenilənmiş variantı mövcuddur. Həmsədrlərin dediklərindən o da bəlli olur ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin rəhbərlik etdiyi qrupun sıralarının genişləndirilməsini də ayrıca müzakirə ediblər. Bu isə ermənilərə sərfəli variantdır. Düşmən təmas xəttində müşahidəçilərin sayının artmasını və status-kvonun davamını istəyir.
Məsələ ilə bağlı açıqlama verən rusiyalı həmsədr İqor Popov deyib ki, Kasprşikin qrupunun genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Qrup üzvlərinin sayının 7 nəfərə çatdırılmasının nəzərdə tutulduğunu deyən diplomat iddia edib ki, hazırkı durumda vəziyyətə nəzarət etmək imkan xaricində olduğu üçün əlavə şəxslərin cəlb olunması faydalı olardı. “Anjey Kasprşik bu məsələni necə həll etməklə bağlı yanaşmasını açıqladı. Biz ümid edirik ki, apreldə bu məsələni müzakirə edəcəyik” - Popov deyib.
Hələlik Bakı məsələyə reaksiya verməyib. Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a Bakının bu təkliflə razı olmadığının xatırlatdı: “Ötən il də bunu müzakirə edirdilər, nəticəsi olmadı”. Ekspert hesab edir ki, həmsədrlərin bölgəyə budəfəki səfərlərinin də elə bir əhəmiyyətinin olmadığı qənaətindədir: “Onlar Novruz bayramı ərəfəsində Bakıya gəldilər, indi isə İrəvan və Xankəndi də görüşlər keçirdilər. Onların birinci xəbəri o oldu ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü planlaşdırılır. İkinci xəbər isə ondan ibarətdir ki, Fransa Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyir. Bu iki xəbərin də əhəmiyyəti azdır. Çünki xarici işlər nazirlərinin görüşü üçün tərəflərin mövqelərində dəyişiklik olmalıdır. Bu dəyişiklik isə yoxdur”.
O ki qaldı Fransaya, E.Şahinoğlu da xatırlatdı ki, gələn ay bu ölkədə prezident seçkisidir: “Yeni prezident kim olacaqsa, onun yaxın aylarda Dağlıq Qarabağla məşğul olması real deyil. Həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır. Çünki rəsmi İrəvan kimi həmsədrlər də düşünürlər ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Son günlərə qədər cəbhə bölgəsində nisbi atəşkəsə riayət olunur. Bu o deməkdir ki, həm Bakı, həm də İrəvan hələ ki həmsədrlərə atəşkəsi qoruyacaqları ilə bağlı verdikləri vədi yerinə yetirirlər. Ancaq həmsədrlər onu da anlayırlar ki, hər an cəbhə bölgəsində vəziyyət mürəkkəbləşə bilər”.
Politoloq bu qənaətdədir ki, maraqlı açıqlama yenə Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanddan gəldi: “Amerikalı diplomat mətbuat konfransında dedi ki, dövriyyədə plan var və o, 3 maddədən ibarətdir. 3 maddəlik plan nədir? Fikrimcə, bu yeni plan və ya yeni maddələr deyil. Birinci maddə: Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır; ikinci maddə: Azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışı təmin olunmalıdır; üçüncü maddə: statusu müəyyənləşdirən referendumun tarixi dəqiqləşdirilməlidir. Birinci iki maddə Azərbaycanın maraqlarına uyğundursa, sonuncu maddədən erməni separatçıları möhkəm yapışıblar. Separatçılar birinci iki maddənin yerinə yetirilməsini üçüncü maddənin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Problem məhz ondadır ki, bu 3 maddəni birgə yerinə yetirmək mümkün deyil və həmsədrlər bunun çarəsini tapa bilmirlər. Budur amerikalı diplomatın nəzərdə tutduğu 3 maddə”.
*****
Bu arada təmas xəttindəki gərginliyi və danışıqların dalana dirənməsini əsas gətirən, üstəlik, Serj Sərkisyanın Azərbaycana yönəlik təhdidlərini nəzərə alan əksər ekspertlər növbəti gərgin döyüşlərin baş verəcəyini istisna etmir. “Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ümid tamamilə qalmayıb”. Bunu Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrono martın 29-da İrəvanda keçirdiyi mətbuat konfransında bidlirib (report.az).
“Biz etimadın olmadığını görürük. Kimin ilk addımı atacağı aydın deyil. Hazırda Qarabağ münaqişəsinin tənzimlənməsinə ümid tamamilə qalmayıb. Əlbəttə, tərəflərin etimadını bərpa etmək üçün addımlar atılır. Ancaq bunun üçün müzakirə ediləcək davamlı platforma yoxdur”, - deyə o vurğulayıb.
Belə olan təqdirdə bölgəyə səfəri zamanı yenə də tərəflər arasında bərabərlik işarəsi qoymağa çalışan həmsədrlər nə işğala son qoyulması zərurəti, nə də Sərkisyanın onların səfərindən əvvəl Xankəndi şəhərinə qanunsuz gəlişi, təxribatçı bəyanatlarına reaksiya vermədilər. Deməli, bu diplomatların indiki mərhələdə, həm Ermənistan, həm də Fransada seçkilərin əsas məsələ olduğu şəraitdə danışıqları “ölü” nöqtədən tərpətmək istəyi ədaləti bərpa etmək yox, vaxtı uzatmaqdır...
Şərhlər