Ankaradan mühüm Qarabağ zəmanəti – “Qafqazdan çıxmayacağıq ...”
14.04.2017 14:00 Siyasi reaksiya 1534
“Bir millət iki dövlət”: referendum sonrası əsas gözlənti" Qardaş ölkədən Bakıya və Moskvaya önəmli aprel mesajı gəldi; prezident Ərdoğanın “Təhlükəsizliyimiz Qafqazdan başlayır” bəyanatının pərdəarxasındakı incə çatdırışlar; erməni analitik: “Ermənistan artıq dövlət olaraq mövcud deyil, zaman əleyhimizə işləyir...”
Türkiyədəki 16 aprel referendumuna bir neçə gün qalır. Referendumun nəticəsi müsbət olarsa, - böyük ehtimalla belə də olacaq,- o zaman ölkənin siyasi idarəçilik sistemi yeni nəfəs qazanmış olacaq. Türkiyə dövləti daha effektli və daha mükəmməl idarəçilik mexanizminə qovuşacaq. Yaşadığımız olduqca mürəkkəb və təhlükəli dönəmdə konstitusiya islahatı qardaş ölkənin gücünə güc qatacaq bir dəyişiklik olacaq.
Bu da ən əvvəl o anlama gəlir ki, Ankara özünün regiondakı həyati maraqlarını qorumaq üçün əlavə rıçaqlar və daha güclü söz sahibliyi əldə edə biləcək. Öz növbəsində Türkiyənin dövlət olaraq yeni mərhələyə qədəm qoyması sövq-təbii Azərbaycana və onun problemlərinə də təsirsiz ötüşməyəcək. Bizim ən böyük problemimiz isə əlbəttə ki, işğalçı Ermənistanladır.
***
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 16 aprel referendumu ilə bağlı təbliğat kampaniyası çərçivəsində Ərzurumda etdiyi çıxışında Azərbaycanın əsas problemi kimi Qarabağ probleminə də dəxli olan mühüm bəyanat verib. Türkiyə lideri deyib: “Ankara bundan sonra da Türkiyənin birliyini, stabilliyini və ərazi bütövlüyünü pozmaq istəyənlərə qətiyyətlə müqavimət göstərəcək. Qara və Aralıq dənizlərində mövqelərimizi vermək Türkiyənin öz ərazilərini itirməsinə səbəb olacaq. Bu, tamamilə aydındır. Türkiyənin təhlükəsizliyi Balkanlar və Qafqazdan başlayır. Türkiyə bu reallıqları nəzərə almalıdır”.
Belə bir açıqlama əslində Ankaranın müstəqil xarici siyasət kursunu gücləndirəcəyinin bir anonsudur və mahiyyət etibarilə Rusiyaya, Qərbə və İrana ünvanlanıb. Çünki adıçəkilən regionlarda əsasən Rusiya, ABŞ və İran fəaldır. Yaxud bu, ən azından, sadalanan bölgələrdə Türkiyə ilə hesablaşmağın zəruri olduğunun anonsudur.
Qafqaza, daha dəqiqi, Cənubi Qafqaza gəlincə, bəllidir ki, Moskva buranı özünün “həyati maraqlar” sferası hesab edir. On illərdir Güney Qafqazda mövcud olan etnik-ərazi münaqişələrindən də Kreml məhz regiondakı siyasi, hərbi dayaqlarını möhkəmlətmək üçün istifadə edir.
Lakin Ərdoğanın son açıqlaması göstərir ki, Türkiyə prezidentli üsul-idarəyə keçəndən sonra bu bölgəyə yönəlik daha aktiv siyasət izləyəcək. Bu da faktiki şəkildə Qarabağ məsələsində qardaş ölkənin çevik siyasi kurs yürüdücəyi anlamına gəlir, Bakıya yeni Qarabağ zəmanəti mahiyyəti daşıyır. Demək, Türkiyənin Ermənistana münasibətdə də daha sərt və prinsipial siyasət aparmasının şahidi ola bilərik.
Söz yox ki, Ankara ilə Moskva arasında son aylar əlaqələr xeyli istiləşib. Ancaq Suriya böhranı, Bəşər Əsədə qarşı son məlum münasibət göstərdi ki, iki ölkənin regional siyasətləri heç də həmişə üst-üstə düşmür, münasibətlər heç də həmişə rəvan getmir, hərənin öz maraqları var. Ayrı sözlə, Rusiya və Türkiyə nə qədər bir-birini strateji tərəfdaş elan eləsə də, onlar həm də regional rəqiblərdir və obrazlı ifadə eləsək, “mehriban düşmənlər” olaraq qalırlar.
***
Cənubi Qafqazda söz düşəndə Rusiyanın marioneti və vassalı Ermənistanın bölgədə təxribatçı, qeyri-konstruktiv mövqeyindən söz açmamaq olmur. Əfsuslar olsun ki, Rusiya İrəvanın öz qonşularına qarşı ərazi iddiaları və işğalçılıq siyasətindən öz maraqları naminə, bölgədə möhkəmlənmək üçün məharətlə istifadə etməkdə davam edir. Ermənistan isə bu zaman heç fərqinə də varmır ki, qarşılığında onun qazandığı yalnız - əsgər meyitləri, iqtisadi səfalət, izolyasiya rejimi, ölkədən güclü miqrasiya axını, itirilmiş müstəqillikdir. Erməni ekspert çevrələrində bununla bağlı SOS siqnalları çoxdan verilir.
“Cənubi Qafqaz haqda artıq heç kim danışmır, onu heç kim maraqlandırmır. Təəssüf edirəm, amma Ermənistan artıq dövlət olaraq mövcud deyil. Ermənistan bundan sonra - suveren dövlət deyil, yalnızca Rusiyanın tərkib hissəsi, bir parçasıdır”. Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış erməni analitiki İqor Muradyan 1 in.am nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bir müddət sonra Ermənistanın suverenliyi məsələsi BMT-də qaldırılacaq: “Yəni biz həqiqətənmi suveren dövlətik, Qərb dünyasının dostuyuq, yoxsa NATO və ABŞ-ın rəqibiyk? Bax, o vaxt artıq gec olacaq, hər şey itirilmiş olacaq”. Muradyan hesab edir ki, Avropa illər öncə Ermənistana hansı münasibətdə idisə, bu gün də eyni münasibətdədir: “Heç bir dəyişiklik yoxdur və bu xüsusda prinsipial dəyişiklik olmayacaq”.
“Bu gün zaman bizim əleyhimizə işləyir. Biz isə başımızı seçkilərə qatmışıq. Konstitusiya da ona görə dəyişdirilib ki, Ermənistan Rusiyadan daha güclü asılılığa düşsün”, - deyə erməni politoloq vurğulayıb. Son parlament seçkilərini şərh edən Muradyan “Seçkilərı fikir vermək lazım deyil, bu, gülməli bir tamaşa oldu” deyib.
***
Ötən yazılarımızda vurğuladığımız kimi, Ermənistandakı son parlament seçkilərinin əsas qalibi faktiki surətdə Rusiyadır. Çünki bu seçkilər işğalçının Rusiyadan daha güclü vassal asılılığına gətirəcək. Demək, özünü regionda bir qədər də komfort hiss edəcək Rusiya “həyati maraqları”nı qorumaq naminə Türkiyə ilə, Azərbaycanla daha həssas münasibətdə olacaq.
Bir yandan yaxşıdır, çünki Kreml Ankara və Bakı ilə ortaq təmas nöqtələrini Ermənistansız tapmalı olacaq. Söhbət həm də Dağlıq Qarabağ konfliktindən gedir. Yada salaq ki, prezident Ərdoğan mart ayında Rusiyaya etdiyi səfər zamanı da Rusiya-Türkiyə-Azərbaycan üçlü formatının yaradılmasının zamanı çatdığını söyləmişdi.
Şərhlər