Azərbaycan və İran gömrükçüləri görüşdü
15.04.2017 12:16 Siyasi reaksiya 1317
Aprelin 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndələri arasında işçi görüş keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev qonaqları salamlayaraq iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığı və bu cür görüşlərin gömrük sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyi vurğulanıb.
İran İslam Respublikasının Gömrük İdarəsi nümayəndə heyətinin rəhbəri, İranın Gilan Əyaləti üzrə Gömrük İdarəsinin baş direktoru Məhəmməd Şahbazi görüşün təşkilinə görə təşəkkürünü bildirib və İran İslam Respublikası Gömrük İdarəsinin sərhəd dövlətləri arasında ən çox azərbaycanlı həmkarları ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Görüş zamanı tərəflər gömrük nəzarətini sürətləndirmək və asanlaşdırmaq məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına ixrac olunan və ya tranzitlə keçən tez xarab olan malların paletlərdə daşınmasının mümkünlüyü, "X-ray" operatorlarının təcrübə mübadiləsinə dair təlimlərin təşkili, gömrük hüquqpozmaları sahəsində əməkdaşlığın genişləndirilməsi ilə narkotik vasitələr və qaçaqmalçılığa qarşı mübarizədə qabaqcıl təcrübələrin paylaşılması və şəxsi nəqliyyat vasitələrilə hərəkət edən sərnişinlərin sərhəd keçidinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tədbirdə hər iki tərəfin gömrük xidmətlərinin iş saatının uzadılmasının iki ölkə arasında gömrük məsələlərinin effektivliyinə və səmərəliliyinə töhfə verdiyi qeyd olunub.
İran tərəfi bu ilin martında Novruz bayramı ilə əlaqədar İran İslam Respublikasından Azərbaycana səfər edən turistlərin sayının əvvəlki günlərdən daha çox olduğuna baxmayaraq, onların gömrük sərhəd-keçid prosedurlarında heç bir problem yaşanmadığı və işin yüksək təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Görüşdə iki ölkənin gömrük idarələri arasında sıx əlaqələrin gələcək faydalı əməkdaşlığa töhfə verəcəyi bir daha vurğulanıb.
Şərhlər