“Mən bu yola kəfənlə çıxmışam” - Əli İnsanovun 7 il cəza aldığı məhkəmədəki son sözü

27.04.2017 00:02     Siyasi reaksiya     1836

“Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir”


Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qaradağ rayon Məhkəməsində aprelin 26-da baş tutan prosesdə Əli insanova hökm oxunub.


Reaksiya.az Musavat.com - a istinadən xəbər verir ki, məhkəmə prosesində ilk olaraq dövlət ittihamçısı çıxış edərək Əli İnsanova iş istəyib. Prokuror Əli İnsanovun törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib və onun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.


Daha sonra prosesdə Əli İnsanovun vəkilləri müdafiə çıxışı ediblər.


Vəkil Ağaveyis Şahverdiyev müdafiə çıxışında bildirib ki, Əli İnsanov heç bir cinayət törətmədiyi halda, bu günə qədər 10 il 10 ay həbsdə saxlanılıb.


Məhkəmədə məlum olub ki, Əli İnsanov ona qarşı saxta cinayət işi qurmaqda ittiham etdiyi şəxslərin cəzalandırılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Amma onun vəsatətinə cavab verilməyib.


Vəkil bildirib ki, məhkəmə də qərəzli olaraq, müdafiə tərəfinin vəsatətlərini təmin etməyib, yalnız ittiham tərəfinin sübutları araşdırılıb.
Ağaveyis Şahverdi işə baxan hakim Rəşad Mustafayevə də etiraz verib. Vəkil etirazını əsaslandırarkən qeyd edib:

“Hakim martın 1-də Əli İnsanov barəsində həbs-qətimkan tədbirinin müddətini 1 ay uzadıb. Uzatma qərarında sabiq nazirin təqsirsizlik prezumpsiyası hüququnu pozaraq, hələ heç cinayət işinə məhkəmədə baxılmamış onun cinayət əməlinin sübuta yetirildiyini yazıb. Ona görə də bu işə baxıb ədalətli qərar çıxara bilməz”.


Əli İnsanovun digər vəkili Toğrul Babayev həmkarının çıxışını etirazı müdafiə edib. O, bildirib ki, Əli İnsanov heç bir cinayət əməli törətməyib:
“Olmayan cinayətə görə 8 il cəza istəyərlərmi? Siz kimə cəza istəyirsiniz? 13 il Heydər Əliyevlə çiyin-çiyinə işləmiş adama? Akademikə? YAP-ın qurucularından birinə? Bu zərərçəkmiş 35 gün harada müalicə olunub? Ən ağır xəstə də iki həftədən sonra sağalır. Bütün bunlarla bağlı heç bir sənəd təqdim eləmədilər. Əli İnsanovun evə getməyinə 56 gün qalmışdı. Onu ən ağır şəraitdə saxladılar. 11 ildir yaxınları ilə görüşmür. Saxlanıldığı müəssisənin rejim qaydalarına həmişə əməl eləyib. Əli İnsanova işgəncə verilməsi Avropa Məhkəməsinin qərarında da təsdiqini tapıb. Hadisə baş verdiyi iddia olunan vaxt cəzaçəkmə müəssisəsində 15 əməliyyatçı olub. O qədər adamın yanında Əli İnsanov özündən fiziki cəhətdən üstün olunan adama xəsarət yetirdi? Əli İnsanovla birlikdə həbs olunanların hamısı azadlığa buraxıldı”.


Prosesdə vəkillərin etirazı baxılmamış saxlanılıb.


Növbə son sözlə çıxış etmək üçün Əli İnsanova çatıb. Sabiq nazir son sözündə çox rahat və nikbin olduğunu deyib.


Əli İnsanov son sözünə əlavə edib: “Dövlət ittihamçısına deyirəm ki, arxayın olsun. Burada baş verənlər, mənə istənilən cəza məndə heç bir isterika yaratmayacaq. Mən kiminsə ünvanına təhqir yağdırmayacam. Buna mənim tərbiyəm yol vermir. Bu yalanları bu cür pafosla necə deyirsiniz? Bununla hara gedirsiz? Bu baş verənləri özümə qarşı terror kimi qəbul edirəm. Bir akademikə qarşı terror bütün xalqa qarşı terror deməkdir. Guya mən haradasa narkotik tərkibli dərmanlar saxlamışam. Bu yalana göstəriş verənlər də elə bu işi düzüb-qoşan serjantın səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir. Biri tapşırır, biri qoyur, o biri də hüquqi don geyindirir. Hüquqi don geyindirən də elə həmin serjantın səviyyəsinə düşür. Bu böhtana kiminsə inanacağını düşünmürəm. Bütün bunlar izahı olmayan uydurmadır. Ən az demokratiya olan cəmiyyətlərdə belə, məhkəmə iclasları canlı yayımlanır. Mənim məhkəmələrimdə isə jurnalistlərə məhdudiyyət yaradılır. Məni və jurnalistləri Lenin muzeyinə çağırmamısınız ki...”.


Əli İnsanov ötən proseslərdə olduğu kimi bu dəfə də deyib ki, heç bir cəzaya qarşı əyilməyəcək


“Hörmətli prokuror, siz nəvələrinizlə söhbətdə gördüyünüz hansı işdən fəxrlə danışacaqsız? Deyəcəksiniz ki, bir alimi, akademiki cibinə narkotik atdırıb məhv elədim? Prokuroru öyrədib bura göndərənlərə çatdırın ki, Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir...

2005-ci ildə qanunsuz olaraq, şərləyib, 11 il cəza verdilər. Azadlığa çıxmağıma az qalmış eyni prosesləri davam elədilər. Arzuları məhv eləmək olmaz. Mən bu yola kəfənlə çıxmışam. 11 ildə 107 məhkəməm olub, bu, 108-cidir. Bu məhkəmələrin birində də mənim xeyrimə qərar çıxarılmayıb. Bu Ginnesin rekordlar kitabına düşəcək hadisədir. Mənim qaldığım 118 nəfərlik barakda hərəyə bir qəbirlik yer düşür. Oradan heç nə tapmadılar. Anbar kimi bir yerdə axtarış aparanda heç olmasa, məni çağıraydılar”.


Əli İnsanov müdafiə hüququnun pozulduğunu və ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığı məhkəmənin diqqətinə çatdırıb:


“Müdafiə hüququm pozuldu. Məni çağıranda dedim vəkilim yoxdu, ifadə vermirəm. Çevrilib gedəndə rəis çağırdı. Anar Məmmədov da orada dayanmışdı, onda artıq cibi cırıq idi. Yazılmamış protokolu necə cıra bilərəm? Əgər protokol cırılmışdısa, niyə əl izlərimi götürmədilər? Əgər ekspertiza keçirilsəydi, istintaq ifşa olunacaqdı. Necə ola bilər ki, eyni vaxtda həm protokolu cırıram, həm Anar Məmmədovun poqonunu cırıram, həm ona kəllə-beyin travması yetirirəm? Mən orada izahat vermədim, qoluma qandal vurub karsa saldılar? Məni aparanda Anar Məmmədov qapıda dayanıb gülürdü. Kəllə-beyin travması alıbsa, niyə başının tomoqrafiyası yoxdur? Bu həm gülməlidir, həm də əcaibdir. O ki qaldı dərmanlara, bu iş də tam quramadır, ortada heç nə yoxdur. Azərbaycanda bir akademikin cibinə narkotik atırlarsa, deməli, nazirlərin, nüfuzlu beynəlxalq qurumlarda işləyənlərin və başqalarının da cibinə narkotik atmaq çox asandır. Bununla heç kimi inandıra bilməzdiniz, çünki mənə uyğun gəlməyən ittihamlardır. İctimai fikirdən qorxu hissi Allahdan qorxu hissinə bərabərdir”.


Əli İnsanov sonda ondan zərərçəkən şəxslər barəsində qərar çıxarılmasını istəyib: “Mən lazım olan hər şeyi dedim. Xahiş edirəm, bu yalançı zərərçəkmiş və şahidlər barəsində xüsusi qərar çıxarasız. Zaman hər şeyi yoluna qoyacaq. Bu gün prokuror gülümsəyir. İlk dəfə məhkəməmdə prokuror Kamran Əliyev idi. O sonradan vəzifə aldı. Bu prokurora da vəzifə verəcəklər. Amma cənab hakim, sizə isə sadəcə, “çox sağ ol” deyəcəklər. Bu “sağ ol”un yükü isə ağır olacaq.


Mən çox şey bilirəm. Bunları qorxudan da mənim bildiklərimdir. Elə bilirlər bura 3-5 min adam yığacam. Amma mən heç qohumlarımı da gəlməyə qoymuram. Bu gün demokratik inqilab Azərbaycanın sərhədlərinə yaxınlaşmaqdadır. Əgər ədalət bərpa olunmasa, bu yanğın bütün Azərbaycanı bürüyəcək. Azərbaycanda vəziyyət heç vaxt bugünkü qədər ağır olmayıb”.


Son sözdən sonra məhkəmə qərar qəbul etmək üçünm müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə hökmü elan edib.
Məhkəmənin hökmü ilə sabiq səhiyyə naziri Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.


Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar